Ukraynadan sonra Moskvanın təhdid ünvanı kim olacaq?
Rusiyanın NATO və Qərbə ultimatumu SSRİ dağıldıqdan sonra onun addım səslərinin geri dönə biləcəyini xatırlatdı. Bir növ, Rusiyanın keçmişə dönəcəyinə belə iddialı olmayacağı yuxusundan hamını oyandırdı. Prezident Putin "qırmızı xəttləri"ni sözdə Ukraynaya aid olsa də məlumdur ki, bu hekayə təkcə Ukraynaya aid deyil. Daha dərin və daha ciddidir.
Rusiya Qərblə haqq-hesab üzməyi doğru ana saxladı və bu məqam kəskin dönüşlərə tab gətirə bilən müstəsna liderin rinqə çıxması ilə gəldi. Dediyimiz kimi söhbət təkcə Ukraynadan deyil, həm də Avropanın Rusiyanı cilovlamaq və bu ölkəni hökmranlıq iddiasında olan Qərb modelini mənimsəməyə məcbur etmək üçün çoxdankı arzusundan gedir. Əslində bu, sivilizasiyalar və mədəniyyətlər arasında qarşıdurmadır, burada silahlar, qorxu, maraqlar və nüfuz arzusu əsas rıçaq rolu oynayır.
Ukrayna öz coğrafiyasının qurbanıdır. Onun bir qism vətəndaşları rus düzənliklərini buraxıb Avropa komfortuna dalmaq arzusundadırlar. Digər qismi isə iki ölkənin taleyinin ortaqlığına inanırlar, sanki “iki dövlət bir xalq”dılar. Burada Azərbaycanla Türkiyənin "iki dövlət bir millət" deyimi yada düşür. Doğrudur bizdəki deyim tarixi zərurətin doğruduğu məfhumdur, Rusiya ilə Ukraynanın vəziyyəti isə "zorakı qardaşlıq" deyimdir. Ən azından indilik belədir. Coğrafiyanı isə dəyişmək olmur və Ukrayna da bunu bilir.
Rusiyanın Ukraynaya qarşı tövrü təkcə bu ölkəylə bağlı deyil, həm də Amerikanın Əfqanıstandan qoşunların çıxarılmasından sonra sarsılan, Baydenin prezidentliyi dövründə isə rəsmi Vaşinqtonun imicinin tam məhv edilməsindən gedir. Əlbəttə bu "kollektiv Qərb"in imicinin məhvi olacaq. Bu başı Çin təhlükəsinə qarışan Amerikanın keçə bilməyəcəyi sınaqdan keçməsi şansıdır. Böyük ehtimalla Vaşinqton Ukraynaya görə dünya müharibəsi törətmək riskinə getməyəcək. Qərb ölkələri Moskvanı Ukraynaya qoşun yeridəcəyi təqdirdə onu “ciddi nəticələrlə” hədələyir. Söhbət iqtisadi və diplomatik sanksiyalardan gedir. İndiyə qədər sanksiyaların nə qədər təsirli olduğuna şahid olduq. Putinə Qərb sanksiyaları heç maraqlı da deyil, çünki qaz şantajı ilə Avropanın xirtdəyinə çöküb. Amma Putin Ukraynaya hücum etməkdənsə, onu içəridən fəth etməyə üstünlük verir. O, Qərbin siyasi liderlərinin, NATO generallarının əsəblərini tarıma çəkir, sərhəddə qüvvələrini toplayıb canlarına qorxu salır, sonra isə sərt şərtlər qoyur, NATO ölkələrini Sovet İttifaqının dağılmasından sonra əldə etdiyi nəticələrdən məhrum etmək istəyir. O, bütün oyunçuları əvvəlki yerlərinə qaytarmağı və Rusiyanın guya dişsız olduğu mifini unutmağı tələb edir.
Bundan əvvəl də Putin Ukrayna və Gürcüstanı öz ərazilərinin bir hissəsindən məhrum etməklə cəzalandırmışdı. Bu oyunun məqsədi Qərbin ölkənin həyati anlam daşıyan ərazisini geri qaytarması faktını tanımasına nail olmaqdır. Bu, Ukraynaya və onun bütün qonşularına, eləcə də Qərb dövlətlərinə mesajdır. Putin çəkişmə meydanını genişləndirir. Bu gün bu meydan Ukrayna, Gürcüstan, Suriya və Afrikanın bəzi bölgələridir. Alətlər Rusiya ordusu və Vaqner muzdlularıdır. Böyük çöküşdən 30 il sonra Kreml “Qisas” layihəsinin bəhrəsini yığır.
Ülviyyə,Hurriyyet.az