Ukraynalı deputat: “Türkiyənin təminatçı olmasını istəyirik”
"Danışıqların məkanının Belarusdan Türkiyəyə keçirilməsini birinci qələbəmiz hesab edirik"
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İstanbul şəhərindəki Dolmabahçe sarayında keçirilən Rusiya-Ukrayna danışıqlarından sonra mətbuata açıqlama verən ukraynalı deputat David Araxamiya Türkiyə də daxil olmaqla, 8 ölkəni təhlükəsizliyin təminatçısı kimi görmək istədiklərini bildirib. Prezident V.Zelenskinin lideri olduğu “Xalqın xidmətçisi” partiyasının üzvü olan Araxamiya Türkiyəni "Ukraynanın dostu və tərəfaşı" adlandırıb.
Tsn.ua portalının yazdığına görə, David Araxamiya Ukraynanın Rusiya ilə danışıqlarda ilk qələbəsinin danışıqlar meydanının Belarusdan Türkiyəyə keçirilməsi olduğunu bildirib: “Bu danışıqlarımızın növbəti mərhələsi baş tutdu. Üzbəüz danışıqların məkanının Belarusdan Türkiyəyə keçirilməsini birinci qələbəmiz hesab edirik. Çünki, Türkiyə – bizim dostumuz və tərəfdaşımızdır və biz bu ölkəni öz təhlükəsizliyimizin təminatçıları arasında görürük”.
Danışıqların sabah da davam edəcəyi gözlənilir.
Türkiyənin məşhur jurnalisti və aparıcısı, araşdırmaçı yazıçı Banu Avar bu təkliflə bağlı öz “Feysbuk” səhifəsində belə yazıb: “Əsla baş verməməli bir şey: təhlükəsizliyin təminatçısı olmaqdır! Ukrayna heyətinin ilk açıqlamasında “Türkiyənin təminatçılığı” başlığı irəli çıxdı! Üstəlik, bu təminatçılığın NATO-nun 5-ci maddəsinə bənzər olmasını istəyirlər. Bu, Türkiyənin 2 qüvvə arasında çox təhlükəli bir vəziyyətdə qalması deməkdir”.
Hürr Tərcüman