📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukraynanın işğalı, tam nəzarətə götürülməsi mümkün deyil" - NATİQ CƏFƏRLİ

2022-03-02 11:30:00

"Klassik anlamda Ukrayna da qalib gələ bilməyəcək, deməli qarşılıqlı güzəştlər üçün zəmin tapılması vacib, həyati əhəmiyyət kəsb edir"

"Emosiyalarsız, məntiqlə, xəritəyə baxıb düşünəndə əmin olursan ki, Ukraynanı, klassik anlamda, işğal etmək mümkün deyil. Hətta 2-ci Dünya Müharibəsi zamanı da nasistlər Ukraynanı tam işğal edə bilməmişdilər, elə bölgələr var idi ki, oralara gəlib çıxmamışdılar". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, hətta 2-ci Dünya Müharibəsindən sonra, qəddar Stalin, "NKVD" belə, qərbi Ukraynaya 1950-ci illərin ortalarına qədər tam nəzarət edə bilmirdilər: "İndi isə Ukraynanın işğalı, tam nəzarətə götürülməsi heç mümkün deyil. "Rusdilli" bölgələrdə belə, Rusiya işğalçılarını əliyalın insanlar nifrətlə qarşılayıb etiraz edirlər. Hətta, Allah eləməmiş, ruslar Kiyevi alsalar belə, bu da müharibənin uduzulması, sonu demək deyil. Bu müharibəyə hələ Qərbi Ukrayna tam qatılmayıb. Yəni, Rusiya qarşısına qoyduğu maksimum məqsədlərə heç vaxt çata bilməyəcək".

Natiq Cəfərli hesab edir ki, klassik anlamda Ukrayna da qalib gələ bilməyəcək: "Bax, belə pat vəziyyəti yaranır, deməli qarşılıqlı güzəştlər üçün zəmin tapılması vacib, həyati əhəmiyyət kəsb edir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az