"Ukraynanın qələbəsi Moldova üçün də faydalı olacaq" - "Ukrayna ordusu sayəsində sülh şəraitində yaşayırıq"
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Moldova rəhbərliyi Ukraynanın Rusiya ilə müharibədə qələbə çalmasından sonra Rusiyanın dəstəklədiyi Dnestryanı separatçıları ilə münaqişənin sülh yolu ilə nizamlanması üçün geosiyasi şərait yaranacağına inanır.
Moldova Prezidenti Mayya Sandu deyib: “Biz Ukrayna ordusunun sayəsində sülh içərisində yaşayır. Eyni zamanda əlimizdən gələn hər şeyi etmişik ki, ölkəmizin müharibəyə cəlb edilməsinə yol verməyək, cəmiyyətimizdə sülhü və sabitliyi qoruyaq, yalanla mübarizə aparaq.
Biz Dnestryanı münaqişənin nizamlanmasında maraqlıyıq. Bir daha təkrar edirəm ki, biz məsələnin yalnız sülh yolu ilə həllini görürük. Ukraynanın bu müharibədə qələbə qazanacağı və öz ərazilərini geri qaytaracağı təqdirdə, bizə münaqişəni dinc yolla həll eləmək imkanı verən geosiyasi şərait yaranacaq”.
Sandunun sözlərinə görə, Dnestryanı problemi tədriclə həll ediləcək, “çünki hər şey yetərincə mürəkkəbdir”, “reinteqrasiya prosesi elə getməlidir ki, Moldova hökumətinin və demokratik proseslərin getdikcə zəifləməsinə aparmasın”.
Hürr Tərcüman