📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukraynanın sülh şəraitinə geri dönməsi üçün Kremlin "dişsizləşdirilməsi" lazımdır" - NATİQ CƏFƏRLİ

2023-06-09 12:33:00

"Koxovkada bəndin partladılmasının fəsadlarını hələ bir neçə nəsil aradan qaldırmağa çalışacaq, ümumiyyətlə müharibə tək bu gün yaşayanların deyil, gələcək nəsillərin həyatını da korlayır"

"Ukraynada müharibə tamam iyrənc bir hal alır, insanlıq adına faciə yaşanır, fəsadları onillərlə davam edəcək. İki slavyan xalqın 5-6 müdrik adamı tapılmır ki, qardaş qırğınını dayandıra bilsin". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq qeyd edib ki, Rusiyanın axmaq, mənasız, vəhşi siyasəti, imperiya sancıları Avropanın göbəyində insanlıq dramının yaranmasına səbəb olub: "Yüzminlərlə itki, ekoloji fəlakət, milyonlarla qaçqın, dağılmış şəhər və kəndlər - 21-ci əsrdə belə mənzərəni görmək dəhşətdir. Koxovkada bəndin partladılmasının fəsadlarını hələ bir neçə nəsil aradan qaldırmağa çalışacaq. Ümumiyyətlə, müharibə tək bu gün yaşayanların deyil, gələcək nəsillərin həyatını da korlayır".

Natiq Cəfərli onu da əlavə edib ki, Ukraynanın tezliklə sülh şəraitinə geri dönməsi Kremlin "dişsizləşdirilməsindən" sonra mümkündür.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az