Ukraynanın Vətən savaşı: 10-cu gün - Rusiya Suriya taktikasına keçir?
Hərbi ekspert: “Rusiya ordusunun qüdrətinin deyildiyi qədər böyük olmadığı üzə çıxdı, inanmıram ki, Ukrayna ordusu və xalqı asanlıqla məğlub olsun”
Rusiyanın Ukraynaya hücumunun 10-cu günüdür. Müharibənin 9-cu günü də ağır döyüşlərlə müşayiət olunub. Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksey Danilov Facebook-da yaydığı bəyanatında bildirib ki, 9-cu gün işğalçı qüvvələr bütün istiqamətlərdə ağır itkilər verib və hücum potensialı zəifləyir.
“Ukrayna hərbçiləri və ərazi özünümüdafiə dəstələri bu günə olan vəziyyətə görə taktiki təşəbbüsü ələ alıblar, amma düşmən Kiyev, Xarkov şəhərlərini mühasirəyə almaq, Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq planlarından əl çəkmir. Cənub istiqamətində də şiddətli döyüşlər gedir, işğalçı Odessanı mühasirəyə almaq üçün qüvvələrini cəmləşdirir”, - qeyd edib.
Onun məlumatına görə, Rusiya komandanlığı Ukraynaya hücum üçün hazırladığı batalyon-taktiki qruplaşmaların artıq 95 faizini döyüşə atıb və ehtiyat qüvvələrə təcili ehtiyacı yaranıb: “Mövqelərinin zəiflədiyini dərk edərək və qüvvələri yenidən cəmləşdirmək üçün vaxt udmaq məqsədi ilə düşmən hərbi və mülki obyektlərə intensiv hava və raket-artilleriya zərbələri endirir. Bu gecə Rusiya Zaporojets AES-i atəşə tutmaqla dünyanı qlobal fəlakət təhdidi qarşısında qoydu”.
Ukrayna prezidenti Ofisinin nümayəndəsi Aleksey Arestoviç isə bildirib ki, Rusiya qoşunlarına qarşı Xarkov və Axtırka ətrafında effektiv müdafiə Ukraynaya əlavə vaxt qazandırır. Keçirdiyi brifinqdə Arestoviç rusların həmin şəhərlərdə böyük itkilər verdiyini və əlavə qüvvələri səfərbər etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları əsas zərbə istiqamətini dəyişdirib.
“Xarkov və Axtırka şəhərləri düşmənin sarsıdıcı zərbələrinə məruz qalır, amma müdafiə olunur. Oradakı situasiya barədə beynəlxalq səviyyədə bilirlər. Axtırkada aviasiyanın köməyi ilə istilik elektrik stansiyasını dağıtmaq istəyiblər, amma hücum dəf edilib. Düşmən orada ağır itkilər verir və əlavə qüvvələr cəlb edir, əks halda həmin qüvvələr başqa istiqamətlərdə istifadə oluna bilərdi. Məsələn, Kiyev istiqamətində”,-Arestoviç deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda isə deyilir ki, Rusiya ordusu özünün əsas operativ rezervlərini tükədib. Rusiya qoşunlarının əsas hədəfi Kiyevi mühasirəyə almaq və mühasirəyə alınmış yaşayış məntəqələrində müqaviməti zəiflətməkdir. Həmin vəzifələrin yerinə yetirilməsi üçün onlar operativ rezervləri artıq döyüşə atıb tükədiblər və indi Cənub Hərbi Dairəsindən, Şərq Hərbi Dairəsindən əlavə qüvvələr gətirirlər. “Rusiya ordusunun Ukrayna sərhədləri boyu cəmləşdirilmiş hissələrinin ikinci eşelonu və operativ ehtiyat qüvvələrin böyük hissəsi artıq istifadə olunub. Slabojansk şəhəri ətrafında Rusiyanın 20-ci ordusunun qüvvələri Novoaydar və Severodonetsk istiqamətlərində hücumu davam etdirir. Donetsk istiqamətində Rusiya ordusu 6 batalyon-taktiki qruplaşması ilə Mariupol ətrafında mühasirəni saxlamağa çalışır. İtkilərin yerini doldurmaq üçün Donetsk vilayətində rusiyalı kuratorlar əlavə canlı qüvvə toplayır və onları İlovayst stansiyasına daşıyır”.
Müharibənin 9-cu günü Kiyev şəhərinin yaxınlığında yerləşən Qostomel aerodromu Ukrayna ordusunun nəzarətinə keçib. Qostomel aerodromundan çəkilən görüntülərə öldürülən Rusiya hərbçilərin cəsədləri düşüb.
Həmçinin Ukrayna Silahlı Qüvvələri Nikolayev vilayətində Rusiyanın üzərində “Z” simvolu olan hərbi kolonunu məhv edib. Ərazidə çoxlu sayda Rusiya texnikası yararsız vəziyyətə düşüb. Eyni zamanda Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın “Su-25" qırıcı təyyarəsini vurublar.
Ukraynada ərazi özünümüdafiə dəstələri Nikolayev vilayətinin Baştanka yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusunun “Pantsir” zenit kompleksini və daha bir neçə texnikasını qənimət götürüblər. Yayılmış videokadrlardan görünür ki, Rusiya ordusunun kolonu tərk edilmiş haldadır, “Pantsir” kompleksi ilə yanaşı rabitə avtomobili və daha bir neçə texnika salamat halda yolda qalıb. Ukraynalı döyüşçülər rus əsgərlərinin texnikanı atıb qaçdıqlarını deyir.

“Pantsir” zenit kompleksinin dəyəri 15 milyon dollardır. Bundan əvvəl də ukraynalı kəndlilər “Pantsir” texnikasını ələ keçirmişdilər və onun nə işə yaradığını anlamadıqlarından od vurub yandırmışdılar...
Rusiya ordusu isə Ukraynanın Çerniqov vilayətini bombalayıb. Məlumatı Çerniqov Vilayət Administrasiyasının Mətbuat Xidməti yayıb. Bildirilib ki, bombalanma nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb. Ölənlərin 38-i kişi, 9-u qadındır. Binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb.
Martın 4-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın cənubundakı Nikolayev şəhərinə daxil olub. Bu barədə Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib. O, sakinləri təşvişə düşməməyə, qadın və uşaqları evləri tərk etməməyə çağırıb. Ukraynanı Jitomir şəhərində isə məktəb Rusiya ordusunun raket zərbələri nəticəsində yerlə-yeksan olub. Bu barədə şəhər meri Serqey Suxomlin xəbər verib.
Ukraynanın Enerqodarda şəhərində güclü partlayış olub. Bu barədə UNIAN məlumat yayıb. Bundan əlavə, Ukrayna yaşayış məntəqələrinin atəşə tutulmasının gün ərzində davam etdiyi bildirilir. Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Serhiy Qayday deyib ki, martın 3-də Luqanskda 7 sakinin meyiti tapılıb. Həmçinin 2-si uşaq olmaqla 13 nəfər yaralanıb.
Onun sözlərinə görə, Severodonetskdə kommunikasiyalar məhv edilib, şəhər qazsız qalıb. İndi onların bərpası istiqamətində iş aparılır: “Ruslar çoxsahəli xəstəxananı və turizm və diyarşünaslıq mərkəzini də atəşə tutublar. Ötən gecə Severodonetskdən başqa, Borovski, Zolotoy-4, Lisiçansk, Qornı, Popasnaya, Sirotin və digər yaşayış məntəqələrinə də zərbələr endirilib”.

Rusiya Silahlı Qüvvələri hərbi xüsusi əməliyyat başlayandan bəri Ukraynanın 1800-dən çox hərbi obyektini məhv edib. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov cümə günü bildirib. O əlavə edib ki, indiyə qədər Ukrayna Silahlı Qüvvələrinin 65 komanda məntəqəsi və rabitə mərkəzi, 56 ədəd “S-300" zenit raket kompeksi, ”Buk M-1" və “Osa” sistemləri, 59 radar stansiyası vurulub.
Ukrayna Silahlı Qüvvələrinin 49 yerdə və 13 havada təyyarəsi, 635 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəşi sistemi, 252 səhra artilleriya və minaatan, 442 ədəd xüsusi təyinatlı hərbi texnikası, o cümlədən 54 pilotsuz uçuş aparatı da məhv edilib.
Bu arada Ukrayna Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib. Bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb. Ukrayna BQXK-dən humanitar dəhlizlərin yaradılmasına təcili yardım göstərməyi xahiş edib.
Öz növbəsində NATO baş katibi Yens Stoltenberq martın 4-də bildirib ki, NATO münaqişədə tərəf deyil.
“NATO Ukraynadakı münaqişədə iştirak etmir” deyən Stoltenberq təsdiq edib ki, müharibədə heç bir tərəfi təmsil etmir.

Bu arada Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynada Suriyadakı dağıdıcı taktikasını tətbiq etdiyini, lakin buna yol verilməməli olduğunu söyləyib: “Dövlətimiz döyüşməyə hazırdır və biz Rusiyanın hücumuna qarşı mübarizə aparmağa davam edirik. Lakin bizim hava hücumlarından müdafiəyə ehtiyacımız var. Əgər bunu etməsəniz, Ukraynanın mülki əhalisinin həyatlarına və əzablarına görə məsuliyyət daşımalı olacaqsınız”.
Ukrayna Müdafiə Nazirliyinin bəyanatında isə deyilir ki, Ukraynanın bir hissəsi işğal olunub və artıq xalq müqavimətini göstərmək zamanıdır: “Ərazilərimizin bir hissəsi işğalçılar tərəfindən zəbt edilib. Ukraynalılar məhz indi total xalq müqavimətini həyata keçirməlidirlər. Mövqelərimizə daxil olan 30 tankdan ibarət tank taborunun 5-6 tankının vurulması hələ onun döyüş qabliyyətini itirməsi anlamına gəlməz. Əgər sursat, yanacaq, ehtiyat hissələri, tankların təmirçilərini daşıyan arxa cəbhəni dayandırsanız və ya məhv etsəniz, tabor tamamilə yararsız hala düşəcək”.
Müdafiə Nazirliyi düşmənin arxa cəbhəsində qulluq edənlərin asan hədəf olduğunu da vurğulayıb.

Rövşən Məhərrəmov
Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu müharibə Rusiyanın hərbi qüdrətinin deyildiyi qədər böyük olmadığını, mif olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, müharibənin ilk 5 günündə Ukraynanın güclü müdafiəsi və əks-hücumları müşahidə olunurdu: “Ukrayna ordusu Rusiya ordusunun çoxsaylı ağır texnikasını, canlı qüvvəsini məhv edib. Ukrayna Hərbi hava qüvvələrinin gücü hələ də qalır. Rusiyanın çoxlu sayda hərbi təyyarələri vurulub. Ukraynanın da çoxlu sayda qırıcı təyyarəsi aerodromların bombalanması nəticəsində məhv edilib. Buna baxmayaraq ruslara müqavimət dayanmayıb. Lakin müharibənin 10-cu günündə Rusiya ordusunun qismən nailiyyətlər əldə etməsi ilə müşayiət olundu. Yavaş-yavaş da olsa rusların irəliləməsi müşahidə olunub. Ukrayna ordusunda bir yorğunluq hiss olunur. Müqavimətin zəifləməsi bir çox istiqamətlərdə hiss edilir. Tank əleyhinə Avropanın verdiyi avadanlıqlar kifayət etmir, müəyyən silah-sursat çatışmazlığı hiss olunur. Son bir neçə gündə Avropanın, ABŞ-ın bu probleminin həlli istiqamətində ciddi addımlar atmadığı da sezilir. Prezident Zelenskinin və müdafiə nazirinin açıqlamalarından da görünür ki, Qərbin təminatında geriləmə var. Silah və hərbi texnika təminatı gücləndirilsə, Ukrayna ordusunun müqaviməti artacaq və bəzi istiqamətlərdə əks-hücumu başlayacaq. İnanmıram ki, Ukrayna ordusu və xalqı asanlıqla məğlub olsun. ABŞ başda olmaqla Avropa Birliyi və Birliyə daxil olmayan dövlətlər Rusiyanın Zaporeyjestdıki atom elektrik stansiyasına atəş açmasına çox ciddi əməli reaksiya verməlidir. Onlar tam dərk etməlidirlər ki, bu atəş artıq təkcə Ukraynaya açılmır, bütün Avropaya açılır və Avropa çox dəhşətli fəlakətlə üz-üzə qala bilər. AES-ə atəş açılması Avropaya siqnaldır”.
Ekspert hesab edir ki, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun olması mümkündür. Ola bilsin ki, növbəti danışıqlar yaxın bir-iki gündə baş tutacaq və müəyyən razılaşmalar əldə ediləcək.
“Yeni Müsavat”