"Ukraynaya hərbi müdaxilə edən Rusiya fəlakətli günlərini yaşayır" - XAQANİ CƏFƏRLİ
"Bu, hələ Putinin və Rusiyanın cəzalandırılma prosesinin yalnız başlanğacıdır, Kreml sahibi və ətrafının dikbaşlığına görə Rusiya çox ağır cəzalandırılacaq"
"Pörl Harbora qəfil hücumdan sonra Yaponiya Birləşmiş Dəniz Qüvvələrinin baş komandanı admiral İsoroku Yamamoto ABŞ-ı nəzərdə tutaraq belə deyib: "Yatmış nəhəngi oyatdıq. İndi onun intiqamı dəhşətli olacaq". Xirosima və Naqasakiyə nüvə zərbəsidən sonra yaponlar admiral Yamamotonun peyğəmbərcəsinə xəbərdarlığının gerçəkləşdiyinə əmin oldular. Sovet İttifaqının dağılması, Frensis Fukuyamanın “Tarixin sonu və son insan” adlı əsərində yazdığı kimi ideologiyaların mübarizəsindən liberal-demokratiyanın qalib çıxdığnı düşünən ABŞ ötən əsrin sonlarında yenidən yuxuya getdi". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq qeyd edib ki, Qərblə yaxşı münasibətlər nəticəsində yalnız 2000-2018-ci illər arasında neft, qaz və daş kömürün satışından Rusiyaya 7 trilyon dollar daxil olub: "Sürətli zənginləşmədən sərməst olan Rusiyanın siyasi və hərbi elitası 2021-ci ilin dekabrında ABŞ-a meydan oxumaq niyyətinə düşdü. NATO-nun hərbi infrastrukturunun 1997-ci il sərhədinə çəkilməsini tələb edərək Ukraynaya hərbi müdaxilə edən Rusiya indi fəlakətli günlərini yaşayır. Elə bir vəziyyət yaranıb ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, ərazicə dünyanın ən böyük və təbii sərvətlərinə ən zəngin ölkəsi olan Rusiyanın prezidenti toyuq oğrusu kimi həbs olunmaq təhlükəsi ilə üzləşib. Bir zamanlar Moskvada varlığından xəbərsiz olduqları hansısa Afrika ölkəsinin Ədliyyə Nazirliyi də Kreml sahibini həbs etməklə hədələyir. Allahın bədəvisi də Rusiyanın taleyinin müzakirə olunduğu tədbirə Moskvanın təmsilçisini adam sayıb dəvət etmir. Halbuki, bir zamanlar Kremldə rəsmi qəbul Afrika ölkələrinin liderləri və bədəvilər üçün çox böyük şərəf hesab olunurdu".
Xaqani Cəfərlinin sözlərinə görə, Putinin belə bir vəziyyətlə üzləşəcəyini Rusiyanın ABŞ-a meydan oxumağa başladığı 2021-ci ilin dekabrında çox az adam təsəvvür edirdi: "Putini dikbaşlığına görə sərt cəzalandırılacağını yazanda əksəriyyət mənə inanmırdı. İndi qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcrid olunmuş Rusiya faşist Almaniya, Putin isə Hitlerlə eyniləşdirilir. Rusiyanın bölünməsi geniş müzakirə olunur. Finlandiyadan Yaponiyaya kimi çox geniş bir çoğrfaiyada yetləşən ölkələr tərəfindən Rusiyaya qarşı ərazi iddiaların irəli sürülməsi artıq heç kimi təəccübləndirmir. Rusiyanın quru və su sərhədləri daxilində hərbi və mülki obyektin hədəf seçilməsi, məhv edilməsi də adi hala çevrilir. Onu da nəzərə almaq lazımdır ki, bu hələ Putinin və Rusiyanın cəzalandırılma prosesinin yalnız başlanğacıdır. Putinin və ətrafının dikbaşlığına görə Rusiya çox ağır cəzalandırılacaq. Növbədə isə Çin var".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az