Urmulu millət vəkili: "Bütün dünya səsimizi eşitdi, İran hökuməti eşitmir"
Qərbi Azərbaycan əyalətinin Urmu şəhərinin İran parlamentindəki üzvü Ruhullah Həzrətpur İran televizyasına müsahibəsində Urmu gölünün quruması problemindən danışıb.
"Bütün dünya səsimizi eşitdi, ancaq İran hökumətinin başçıları bizi eşitmədilər. Azərbaycanlılar Urmu gölü üçün qan veriblər. Tələbimiz odur ki, gölün bərpa işləri sürətləndirilsin. Göl bundan artıq quruyarsa, bütün ətraf əyalətlər faciə ilə üzləşəcək"deyə o, bildirib.
Həzrətpur bildirib ki, prezident İbrahim Rəisi Urmu gölünün bərpası üçün 500 milyard tümən dövlət büdcəsi ayrıldığını iddia etsə də, bu yöndə ciddi addım atılmayıb.
"Bundan öncəki prezidentlər və indiki prezident İbrahim Rəisi seçki təbliğatı zamanı Urmu gölünün bərpasına söz verib, ancaq seçiləndən sonra heç bir iş görməyiblər. Bu, azərbaycanlılardan su-istifadə deməkdir. Hökumət rəsmiləri gölün bərpası işlərinin dayandırılması barədə xalqa hesabat verməlidirlər"-deyə, Urmunun nümayəndəsi tələb edib.
Həzrətpur bildirib ki, Urmu Gölünün Bərpası üzrə Qərargahın əslində "Urmu gölünün məhv edilməsi qərargahı" adlandırılması daha doğru olardı. O, adı çəkilən qurumun fəaliyyətinin nəticəsiz olduğunu vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Urmu gölünün quruma səbəbinin 18 faizi iqlim dəyişiklikləri ilə bağlı olsa da, 82 faizi hökumət və səlahiyyətli qurumların yanlış idarəçiliyindən qaynaqlanıb.
O, yaz aylarında yağıntıların çoxaldığına görə göldə müvəqqəti olaraq nisbi su artımının hökumətin bərpa fəaliyyətlərinin hesabına yazılmasını absurd adlandırıb.
Ülviyyə, Hurriyyet.az