Uşağa təcavüz edən “ata”ya hansı cəza verilsin? – Təkliflər
Bu, uşaqlara qarşı törədilən çox ağır cinayətdir. Biz petisiya hazırlamalıyıq.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə azyaşlı uşaqları zorlayan şəxslər üçün cəza tətbiqinin sərtləşdirilməsi barədə irəli sürülən təkliflərə münasibət bildirərkən deyib.
“Bunu təkcə QHT-lər etməli deyil. Vəkillər Kollegiyası bu məsələdə böyük rol oynaya bilər. Ümumilikdə, cəmiyyət də petisiya hazırlamalıdır”, - sədr qeyd edib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyib ki, təmsil etdiyi qurum uşaqlara qarşı bu cür zorakılıq törədən şəxslərin cəzasının sərtləşdirilməsi ilə bağlı əlavə təkliflər hazırlayacaq:
“Birinci təklifimiz bu şəxslərin aministiyaya düşməməsi, cəza müddətinin axıra qədər saxlanılmasıdır. İkincisi isə bu adamlar qeydiyyata götürülməldir ki, sabah harada olduqları və hansı addımları ata biləcəkləri nəzarətdə saxlanılsın. Əsas məsələ isə qabaqlayıcı tədbirlərdir. QHT-lərin üstünə böyük məsuliyyət düşür. Lakin rayonlarda maarifləndirmə işlərini gücləndirmək üçün QHT-lərə şərait və imkan yaradılmalıdır. Nə vaxt ki, rayonlararası maarifləndirmə işləri geniş idi, müəyyən hadisələri aradan qaldırmaq olurdu. Təkcə sosial şəbəkələrlə məsələ həll olmur. Bir fikri paylaşanda altında çox şərh verənlər olur. İnsan bilmir hansı yalan, hansı doğrudur. Elə nüanslar var ki, insanlarla üz-üzə söhbət aparmadan onları inandıra bilmirsən”.
Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov isə saytımıza bildirib ki, məsələyə təkcə qanunvericiliyin dəyişdirilməsi, ömürlük azadlıqdan məhrumetmə və ya ölüm hökmünün bərpası kontekstindən yanaşmaq doğru olmaz:
“Belə şəxslərdə daha çox psixoloji problemlərin olduğu açıq-aşkar görünür. Çünki normal bir insanın bu hərəkətləri etməsi ağlagəlməzdir. Məsələyə belə yanaşdıqda, psixoloji vəziyyəti yerində olmayan şəxsin hər hansı cinayətə görə məsuliyyəti olmadığını da düşünməliyik. Cəza o məqsədlə verilir ki, həmin şəxs cəmiyyətdən təcrid olunsun, eyni zamanda islah olunsun. Əgər psixoloji vəziyyəti yerində deyilsə, islah olmaqdan söz gedə bilməz. Bu səbəbdən cəzanın sərt olması da heç bir əhəmiyyət kəsb etmir. Təəssüf ki, çox ağır və qınanılacaq hadisədir. Mövcud normalar əsasında qanunvericilik icazə verir ki, həmin şəxs maksimum cəza alsın. Petisiya başladılmasına gərək olduğunu düşünmürəm. Çünki bu cür halların mətbuatda çox yayımlanması şüuraltına da hopa bilər. Fikir versək, nə qədər intihar xəbəri çox yayılırsa, bu risklər və intihar edənlərin sayı da artır. Bu cür cinayətləri törədənlər də ümumi ictimai müzakirələrdə hallanmasalar, daha çox qapalı qalsalar, yaxşı olar. Əgər belə bir fakt varsa, bununla bağlı qanunvericiliyə uyğun maksimum cəza tətbiq olunur. Psixi durumu yerində deyilsə, tibbi yardım göstərilir”.