ÜST rəsmisinin pandemiya ilə bağlı fikri Azərbaycanda etiraz doğurdu
Həkim: “Peyvəndlənək və pandemiya bitəcək demək yanlışdır”
Azərbaycanda koronavirusa yoluxma sayında günlərdir ki, yüksək göstərici qeydə alınır. Yazını hazırladığımız zaman COVID-19 infeksiyasına 7 632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
Amma yoluxma sayının yüksək olmasına rəğmən, ekspertlər vəziyyətin yaya doğru düzələcəyini proqnozlaşdırırlar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında bildirib ki, əgər ölkədə vaksinasiyanı sürətləndirsək, yay üçün pandemiyadan qurtula bilərik. Hansı sürətlənmədən söhbət gedir? Hər şey vaksinəmi bağlıdır, yoxsa pandemiya, sadəcə, zamanla özü-özünə sönəcək?
Avropa ölkələrinin 54 faizində “Omikron”un yayıldığını qeyd edən H. Harmancı deyib ki, ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət təhlil edilərək tədbirlər görülür: “Bəzi ölkələrdə karantin və təcridolunma müddəti daha qısa müddətə endirilir, bəzi ölkələrdə isə onu daha uzun müddət tətbiq edirlər. Əlbəttə, bütün bunlar normal həyatın, iqtisadi həyatın davamı, əhalinin sağlamlığının qorunması ilə əlaqədar olaraq verilən qərarlardır.
Azərbaycan hökuməti epidemioloji vəziyyəti düzgün dəyərləndirərək qərar verir. Həmin qərarlara uyğun hərəkət etmək pandemiyanın qarşısının alınmasında ən əhəmiyyətli məsələlərdən biridir. Peyvənd vurduran hər kəs maska, əl gigiyenası və havalandırma məsələsinə diqqətlə yanaşmalıdır. Bəzən pandemiyanın bitdiyini deyirlər. Lakin əminlikdə deyə bilərəm ki, bu barədə qərar vermək tezdir, pandemiya hələ bitməyib. Şübhəsiz ki, indiyə qədər olan digər pandemiyalar kimi COVID-19 da başa çatacaq və bəşəriyyət normal həyata qayıdacaq. Yay aylarına qədər tələb olunan bütün qaydalara ciddi şəkildə əməl olunsa, peyvəndlənmənin sürəti artırılsa, həmin həyata dönüşün mümkünlüyünə ümid bəsləməyə dəyər".

BMT baş katibi Antoniu Quttereş də analoji fikir söyləyib: “Peyvəndlərin dünya ölkələri arasında qeyri-bərabər paylanması dövrümüzün ən böyük səhvidir, lakin qüvvələri birləşdirərək COVID-19 pandemiyasına son qoya bilərik. Biz pandemiyanın sonunu bu ilin əvvəlində görə bilərik. İqtisadiyyatı yoluna qaytara və dayanıqlı inkişaf hədəflərini xilas edə bilərik, lakin indi hərəkətə keçməliyik”.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev isə deyilənlərlə razılaşmayıb: “Mən Hande Harmancının dedikləri ilə razılaşmıram. Təəssüflə qeyd etməliyəm, artıq tam təsdiqlənib ki, mövcud peyvəndlər son ştammlara qarşı o qədər effektli deyil. Mən demirəm, peyvənd etməyək. Sadəcə olaraq mövcud peyvəndlərin son ştammlara qarşı təsiri təqribən 50 faizə qədər zəifləyib. Yəni 50 faiz göstərici də bir nəticədir. Amma peyvəndlənək və pandemiya bitəcək demək, yanlışdır. Yenə də deyirəm, təlaşlanmağa əsas yoxdur. Çünki yoluxma sayı çox olsa da, ağırlaşma sayı azdır. Sadəcə nə qədər qorunsaq, o qədər yaxşıdır. Normal insanlar yoluxanda xəstəliyi normal keçirirlər. Amma hamı eyni deyil axı. Yaşlı, şəkərli diabeti olan insanlar var, nevroloji, onkoloji, orqan köçürülməsi əməliyyatı keçirən xəstələr var. Bu xəstələrin də immun sistemi çox zəifləyir. O baxımdan, təbii ki, biz hamımız özümüzü, ətrafımızdakıları qorumalıyıq”.

Bununla belə, həkim qorunmayan insanlara qarşı cərimənin, cəzanın tətbiq edilməsinin əleyhinə olduğunu bildirir: “Bu, təbliğatla, təşviqatla olmalıdır. Çünki bu neqativ hallara yol açır. Bəzən görürsən ki, qapalı yerlərdə elə bil maskasız adam axtarırlar ki, cərimələsinlər. Bu narazılıqlara, mübahisələrə səbəb olur. Bu cərimələrlə deyil, təbliğatla, maarifləndirmə ilə olmalıdır”.
Bu arada, səhiyyə naziri Teymur Musayev mediaya açıqlamasında bildirib ki, Türkiyə istehsalı olan “TürkoVac” vaksininin Azərbaycanda üçüncü faza mərhələsində sınaqdan keçirilməsi ilə bağlı hazırda texniki baxımdan müzakirələr gedir. Onun sözlərinə görə, Türkiyədən İşçi Qrup gəlib və onlara protokollar təqdim olunub: “Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Həkim “TürkoVac”ın Azərbaycanda tətbiqi gözlənilən effekt verəcəkmi" sualına belə cavab verib: “Effekti olacaq, amma az olacaq. Məsələ ondan ibarətdir ki, mövcud vaksinlər əvvəlki ştamlara qarşı hazırlanıb. Bir peyvəndin ərsəyə gəlməsi üçün eksperiment kimi hazırlandı. Bundan ən azı 12 ay keçdi. Pandemiya başlayanda peyvənd hazırlanma prosesi də başlamışdı. Pandemiya başlayanda hansı ştam idisə, mövcud peyvəndlər həmin ştamlara qarşı hazırlanıb. Bundan sonra neçə mutasiya baş verdi. Buna görə də biz elə bil virusun önünə gedə bilmirik, arxasınca gedirik. Virus mutasiyaya uğrayır, bu mutasiyaya qarşı peyvənd hazırlamağa başlasaq, bir neçə ay keçəcək o peyvənd hazır olanda yeni mutasiya yaranacaq”.
A.Əliyev pandemiyanın bitməsi ilə bağlı açıqlanan proqnozlara da fikir bildirib: “Proqnoz vermək düzgün deyil. Çünki proqnozlarla bağlı yanlışlıqlar çox olur. Fikrimcə, yay aylarına qədər pandemiya çox zəifləmiş olacaq. Mutasiyalar çox zəifləmiş olacaq. Dünya mediasından ekspertlərdən birinin maraqlı fikrini oxumuşdum, onu çox bəyəndim:, mutasiyalar getdikcə xəstəlik yaratmayacaq, immunitet yaradacaq. Virus özü elə bir səviyyəyə gəlib çıxa bilər ki, sanki peyvənd kimi təsir edəcək. Ümid edirəm ki, yay aylarına qədər vəziyyət normallaşacaq, COVİD-ə qarşı peyvəndlər öz aktuallığını itirəcək, peyvəndlə bağlı qadağalar aradan götürüləcək”.
Musavat.com