ÜST Rusiyadan TƏCİLİ CAVAB istədi - Sibirdə nə baş verir?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İrkutsk vilayətində mənşəyi bilinməyən ağır pnevmoniya hallarının qeydə alınması ilə bağlı Rusiya rəsmilərindən təcili əlavə məlumat tələb edib.
Hurriyyet.net xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Rusiya səhiyyə qurumları ilə sıx təmasda olduğunu və xəstələnən ikinci əməkdaş barədə mediada yayılan xəbərlərin dəqiqləşdirildiyini bildirib.
O, ictimai səhiyyə üçün ehtimal olunan risklərin düzgün qiymətləndirilməsi məqsədilə operativ və şəffaf məlumat mübadiləsinin vacibliyini xüsusi vurğulayıb.
Kremldən verilən açıqlamada isə ÜST-nin İrkutsk vilayətindəki sirli pnevmoniya vəziyyəti ilə bağlı müvafiq qaydada bilgiləndirildiyi diqqətə çatdırılıb.
"Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı vəziyyət haqqında lazımi səviyyədə məlumatlandırılıb", - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.