"Valeri Zorkinə axmaqlığı üçün türk xalqları adından təşəkkür etmək lazımdır" - XAQANİ CƏFƏRLİ
"Çünki onun Putinə göstərdiyi xəritədə Krım Azov dənizinin bütün şimal sahilləri ilə birlikdə türk hakimiyyəti altındadır, Şimali Qafqazıın böyük hissəsi Azərbaycan türklərinin qurduqları dövlətin tərkibindədir, Xəzər dənizi isə bu dövlətin daxili su hövzəsidir"
"Beynəlxalq Cinayət Məhkəməsinin haqqında həbs orderi çıxardığı diktator Vladimir Putinin Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinlə görüşündə baş verənlər axmaqlığın dövlət siyasətinə və ruhuna hakim olduğunu təsdiq etdi. Zorkin Putinə XIV Lüdovik dövründə, 17-ci əsrdə çəkilmiş xəritənin surətini göstərərək, bu xəritədə Ukraynanın mövcud olmadığını bildirib. Bu "sübut"un "tapılması"ndan sevincək olan diktator Ukraynaya qarşı müharibənin haqqa söykəndiyinə əmin olub". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq hesab edir ki, Rusiyanın hüquq sisteminin ən yüksək pilləsində dayanan, adının önündə hüquq elmləri doktoru titulu olan Valeri Zorkinə bu axmaqlığı üçün türk xalqları adından təşəkkür etmək lazımdır: "Çünki Zorkinin Putinə göstərdiyi xəritədə Krım Azov dənizinin bütün şimal sahilləri ilə birlikdə türk hakimiyyəti altındadır və müstəqil dövlətdir. Həştərxan və ümumiyyətlə, Volqadan Şərqə bütün torpaqlar türklərə (tatar) məxsusdur. Volqanın Şərq sahillərində rusların izi də yoxdur. Ən əsası həmin xəritədə Rusiyanın özü yoxdur, Moskva Çarlığı var".
Xaqani Cəfərli qeyd edib ki, Zorkinin Putinə göstərdiyi xəritədə Şimali Qafqaz və Krasnodar vilayəti də Moskva Çarlığının sərhədlərindən kənardadır: "Şimali Qafqazıın böyük hissəsi Azərbaycan türklərinin qurduqları dövlətin tərkibindədir. Xəzər dənizi isə bu dövlətin daxili su hövzəsidir. Rusların Şimal paytaxtı və ya mədəniyyət paytaxtı adlandırdıqları Peterburq mövcud deyil, onun yerində İsveçə məxsus Nyenskans (Neva istehkamı) qalası var. Ən nəhayət, Zorkinin Putinə göstərdiyi xəritənin aid olduğu dövrdə dünyanın siyasi xəritəsində Almaniya, İtaliya, Kanada, Avstraliya, Yeni Zelandiya, ABŞ, Hindistan, Pakistan, Meksika, Braziliya kimi ölkələr mövcud deyil. Axmaqlığın hakimiyyəti bərqərar olanda belə səhnələr meydana çıxır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az