📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Valideynlər, uşaqlarınızın gələcəyinə qıymayın!

2026-10-23 15:52:14

Valideynlər, uşaqlarınızın gələcəyinə qıymayın!

Nazirlər Kabinetinin təhsil müəssisələrində vahid geyim forması ilə bağlı müvafiq qərarı ətrafında aparılan geniş ictimai müzakirələr bir daha təsdiq etdi ki, ölkə vətəndaşlarının mütləq əksəriyyəti dövlətin dünyəvilik prinsipini və məktəblərdə vahid geyim standartını qətiyyətlə dəstəkləyir. Bu yanaşma həm cəmiyyətin sosial bərabərlik prinsiplərinə sadiqliyini nümayiş etdirir, həm də gənc nəslin sağlam mühitdə yetişməsinə xidmət edir.

Qərəzli iddialar və real faktlar

Son dövrlərdə bəzi xarici dairələr və müəyyən qüvvələr tərəfindən Azərbaycanda guya “baş örtüyünün qadağan olunması” ilə bağlı ortaya atılan iddialar tamamilə əsassızdır və qərəzli xarakter daşıyır. Bu cür manipulyasiyalar ölkəmiz haqqında beynəlxalq müstəvidə yanlış rəy formalaşdırmaq məqsədinə yönəlib.

Həqiqət isə göz qabağındadır: Azərbaycan demokratik və hüquqi dövlətdir. Bu gün dövlət strukturları da daxil olmaqla, ictimai həyatın istənilən sahəsində hər bir şəxsin öz həyat tərzini və geyim formasını sərbəst şəkildə müəyyənləşdirmək hüququ qanunla tam təmin olunur. Ölkədə gündəlik həyatda baş örtüyünə qarşı heç bir qadağa və ya məhdudiyyət yoxdur. Bunu görmək üçün Bakı küçələrinə nəzər salmaq kifayətdir.

Dünyəvi təhsil və beynəlxalq praktika

Məktəblərə gəldikdə isə, dünyəvilik prinsipi bütün şagirdlər üçün vahid və bərabər yanaşma tələb edir. Məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqləri vizual olaraq ortadan qaldırır, diqqəti yalnız təhsilə və elmə yönəldir. Üstəlik, bu, Azərbaycanın “kəşfi” deyil, dünyanın bir çox inkişaf etmiş ölkələrinin təhsil sistemlərində geniş tətbiq olunan uğurlu bir təcrübədir.

Artıq ölkəmizin bir çox ümumtəhsil müəssisələrində pedaqoji heyət tələb olunan geyim standartlarına tam riayət edir. Növbəti addım olaraq, bu qanuni tələbləri şagirdlər və xüsusilə valideynlər də nəzərə almalı, prosesə tam məsuliyyətlə yanaşmalıdırlar.

Uşaqların gələcəyi və valideyn məsuliyyəti

Valideynlər aydın şəkildə dərk etməlidirlər ki, uşaqları bu və ya digər bəhanələrlə məktəbdən yayındırmaqla onların gələcəyini ciddi təhlükə altına atırlar. Təhsildən uzaq qalan uşaq sosiallaşma prosesindən geri qalır, fundamental biliklərdən məhrum olur və cəmiyyətə inteqrasiya edə bilmir. Valideyn borcu və məsuliyyəti, ilk növbədə, övladının keyfiyyətli və dünyəvi təhsil almasını təmin etməkdir.

Bu məsələdə hər bir ailə ümumi dövlət xəttinə və qanunvericiliyin tələblərinə tabe olmalıdır. İnadkarlıq göstərib övladının konstitusion təhsil hüququnu pozanlar bilməlidirlər ki, Azərbaycanda təhsil məcburidir. Əldə olunan məlumatlara görə, uşaqlarını məktəbə buraxmayan ailələrlə bağlı yaxın zamanlarda aidiyyəti dövlət qurumlarının rəsmilərindən və ictimaiyyət nümayəndələrindən ibarət xüsusi heyətlər monitorinqlərə başlayacaq. Bu heyətlər həmin ailələrin evlərinə gedərək profilaktik maarifləndirmə və izahedici söhbətlər aparacaq, qanunun tələblərini bir daha xatırladacaqlar.

Hamımız anlamalıyıq ki, dövlətin təhsil siyasəti və qanunların icrası məsələsində nümayiş etdirdiyi qətiyyət cəmiyyətin gələcəyinin təminatıdır və bu qətiyyəti heç kim sual altına qoya bilməz. Qanunun tələbi hamı üçün bərabər və məcburidir.