Varşavada məktəbdə bıçaqlı hücum: 3 nəfər yaralanıb
Polşanın paytaxtı Varşavada yerləşən özəl məktəbdə baş verən bıçaqlı hücum nəticəsində azı üç nəfər yaralanıb.
Hurriyyet.net xəbər verir ki, TVP Info telekanalına açıqlamasında Varşava polisinin sözçüsü Yaçek Vişnevski hadisənin iti və təhlükəli əşyadan istifadə edilməklə törədildiyini və polis əməkdaşlarının hadisə yerində olduğunu bildirib.
Hadisə yerli vaxtla saat 12:00-13:00 arasında Minskaya küçəsində, məktəb katibliyinin yaxınlığında yerləşən özəl təhsil müəssisəsində baş verib. Məlumata görə, 21 yaşlı şagird 17 yaşlı qıza bıçaqla hücum edib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hadisə zamanı 17 və 24 yaşlı daha iki qız da yaralanıb. Onların həyatına təhlükə olmadığı bildirilir.
Polis sözçüsü hücumda şübhəli bilinən şəxsin saxlanıldığını, hadisənin motivlərinin isə hələlik məlum olmadığını qeyd edib. İlkin məlumatlara görə, hücum edən şəxs və zərərçəkənlər bir-birini tanımayıblar.