📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasile Soare: "Reysin açılmasında Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var"

2024-06-04 09:17:04

Vasile Soare:

Hurriyyet.az

Azərbaycan Hava Yollarının (AZAL) Rumıniyaya baş tutan ilk uçuşu ilə əlaqədar Buxarestdə geniş məlumatlandırıcı tədbir keçirilib.

Tədbirdə Rumıniyanın hökumət nümayəndələri, aparıcı turizm şirkətlərinin nümayəndələri, diplomatik təmsilçilər, Rumıniyada yaşayan həmvətənlərimiz iştirak ediblər. Rumıniya hökumətinin baş katibi Mirçea Abrudan qeyd edib ki, bu reysin açılması məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti nəticəsində mümkün olub. M.Abrudan Rumıniyanın energetika naziri Sebastian Burdujanın Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmağını və bu məsələni qaldırdıqda, Prezidentin dərhal tapşırıq verdiyini, bu layihənin səmərəli olduğuna inamını bildirib. O diqqətə çatdırıb ki, bu reysin açılması xalqlar arasında körpü rolu oynayacaq.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov bildirib ki, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri üçün bu reysin xüsusi əhəmiyyəti var. Turist axınının çoxalması, ölkələrin daha yaxından tanınmasına gətirib çıxaracaq.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare bu hadisənin tarixi gün olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, reysin açılmasında Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Diplomat Azərbaycan və Rumıniyanın tranzit ölkə kimi Avropa və Asiyaya açılan qapı olduğunu deyib. O, Azərbaycanın həm uzunmüddətli həm də həftəsonu istiqamət kimi çox maraqlı və cəlbedici yer olduğunu bildirib.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov agentliyin strategiyası, turizm axınının çoxalması üçün görülən fəaliyyət barədə məlumat verib. Qeyd olunub ki, Rumıniya Azərbaycan üçün çox mühüm bazardır və yeni reysin açılması mədəniyyətlərin, xalqların qovuşmasını sürətləndirəcək.

Sonra Dövlət Turizm Agentliyinin sədr müavini Cavanşir Bayramov ASAN Viza, Azərbaycan Hava Yolları QSC-nin fəaliyyəti, Bakının və Azərbaycanın gözəl məkanları və diyarları barədə təqdimatla çıxış edib.

AZAL-ın satış əməkdaşlıq idarəsinin rəisi Çingiz Mürsəlov qrumun tarixindən, gələcək perspektivlərindən, yeni istiqamətlərin açılmasından danışıb. O qeyd edib ki, 2024-cü ildə AZAL artıq 60-dan çox ölkəyə uçuşlar həyata keçirir./Azərtac