📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqton müxtəlif ölkələrdəki ABŞ səfirlərinə həmin ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırmağı tapşırır

2022-03-09 16:01:00

Vaşinqton müxtəlif ölkələrdəki ABŞ səfirlərinə həmin ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırmağı tapşırır

Vaşinqton müxtəlif ölkələrdəki ABŞ səfirlərinə həmin ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırmağı tapşırır. Dövlət Departamentinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib ki, Dövlət Departamenti ABŞ-ın dünya ölkələrindəki səfirlərinə yerli hökumətlərə Rusiyaya qarşı sanksiyalara qoşulmaq üçün təzyiq göstərməyi tapşırıb.
“Biz danışdığımız hər bir ölkəyə təkcə prezident və ya dövlət katibi səviyyəsində deyil, Dövlət Departamentinin bütün səviyyələrində təzyiq göstəririk. Səfirlərimizin hər birinə tapşırılıb ki, Rusiyanı qınamağı bacaran və hazır olan ölkələri ABŞ, Aİ və müttəfiqlərin sanksiyalarına uyğun hərəkət etməyə məcbur etsinlər”, deyə Nuland etiraf edib.
Onun sözlərinə görə, Vaşinqton hələ də neytral mövqedən çıxış edən Çinə təzyiq göstərməkdə davam edir. Bundan əvvəl ABŞ Ukraynaya görə sanksiyaların yenidən sərtləşdirilməsi çərçivəsində Rusiyadan neft və digər enerji məhsullarının idxalına qadağa qoyub. Aİ isə embarqoya qoşulmayıb.
ABŞ-ın ticarət naziri Cina Raymondo isə bildirib ki, "Çin şirkətləri Rusiyaya qarşı sanksiyalara əməl etməkdən imtina etsələr, ABŞ-ın sərt addımları ilə üzləşə bilər. Belə gedərsə ABŞ Çində məhsul istehsalı üçün lazım olan aparat və proqram təminatını qadağan edəcək. Rusiya əlbəttə ki, bizim sanksiyalarımızdan və ixrac nəzarətimizdən yan keçmək üçün digər ölkələri yoldan çıxaracaq".
"Amma əgər ABŞ Şanxaydakı yarımkeçirici istehsalçısı "SMIC" kimi korporasiyanın Rusiyaya məhsul göndərildiyini aşkar edərsə, "sadəcə onu qapadacaq, onun aparat və proqram təminatının istifadəsinin qarşısını alacaq", deyə ticarət katibi iddia edib.
"Bu, Çinin bu növlü çipləri istehsal etmək qabiliyyətinə dağıdıcı zərbə vuracaq" deyə Raymondo Çini hədələyib.
Çinin isə ABŞ-ın bu bəyanatına cavabı gecikməyib və bəyan edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə Qərb dövlətləri Çin şirkətlərinə təzyiq edərsə, Çin hökuməti qəti addım atacaq. Belə ki, bu barədə Çin XİN-nin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib. Rəsmi bildirib ki, Çin Rusiyanın “Qazprom” və alüminium istehsalçısı “Rusal” kimi enerji və təbii xammal şirkətlərinin paylarını almağı və ya mövcud payını artırmağı düşünür. "Bloomberg"in məlumatına görə, Pekin "CNPC", "China Petrochemical", "Aluminium Corp", "China Minmetals" kimi dövlət şirkətləri ilə Rusiya aktivlərinə hər hansı potensial investisiya imkanları haqqında danışıqlar aparır.
Razılaşmalar Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək nümayişi kimi deyil, Çin idxalını artırmaq məqsədi daşıyacaq. Xatırladaq ki, ötən ay Si Szinpin və Vladimir Putin Rusiya qazı və nefti, həmçinin buğda tədarükünü artırmaq üçün bir sıra sazişlər imzalayıblar.
Amma maraqlıdır ki, ABŞ-ın enerji idxalına qadağası Rusiya, Qazaxıstan və Özbəkistanda hasil edilən urana şamil edilməyəcək, çünki ABŞ atom elektrik stansiyaları bunlarla işləyir. Eləcə də ABŞ Xəzər Boru Kəməri Konsorsiumunu sanksiyalardan azad edib. 
ABŞ-ın 2022-ci il martın 8-də Rusiya neftinin idxalına qoyduğu sanksiya Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumunu vasitəsilə ticarətinə təsir etməyəcək. Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.
“8 mart 2022-ci il tarixli sərəncam Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə xam neftin ticarətini qadağan edirmi?” sualına ABŞ Maliyyə Nazirliyi də mənfi cavab verib.
Xatırladaq ki, Xəzər Boru Kəməri Konsorsiumunu qazax neftinin əsas ixrac marşrutudur, boru kəməri ilə vurulan neftin həcminin 80%-dən çoxunu təşkil edir, kəmərin gücü ildə 67 milyon ton neft təşkil edir.

Ülviyyə, Hurriyyet.az