Vaşinqton-Tehran savaşı yenə Bakının “qapısında”
Axios” nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, Qətər vasitəçilərinin bu həftə ABŞ və İran arasında münasibətlərdə diplomatik irəliləyiş əldə etmək səyləri uğursuz olub və tərəflərdən heç biri güzəştə getmək istəmir. Portalın mənbələrindən biri bildirib ki, müzakirələrdə çıxılmaz vəziyyət yaranıb: “İranlılar ABŞ-ın razılaşmaq istəmədiyi bir şeyi tələb edirlər və ABŞ qalib gəldiyinə inanır, ona görə də güzəştə getməyə ehtiyac yoxdur".
Qeyd olunur ki, tərəflər getdikcə hərbi münaqişənin yenidən başlama ehtimalının olduğuna inanmağa meyllidirlər. Məlumata görə, Amerika hakimiyyəti hesab edir ki, ABŞ prezidenti Donald Tramp ara seçkilərdən sonra tammiqyaslı hərbi əməliyyatların bərpasına əmr verə bilər.
Bu mənzərə göstərir ki, ABŞ-İran qarşıdurması hələ yekun mərhələyə çatmayıb. Bir tərəfdən Vaşinqton İrana qarşı təzyiqi artırır, digər tərəfdən vasitəçilər üzərindən danışıqlar üçün kanal açıq saxlanılır. Deməli, qarşıdurmanın hərbi mərhələsi ilə diplomatik mərhələsi eyni vaxtda davam edir. Bu proses Azərbaycanın yerləşdiyi coğrafiyanı da birbaşa təsir dairəsinə salır. Azərbaycan həm İranla sərhədi olan ölkə, həm də ABŞ və Qərblə siyasi-iqtisadi əlaqələri inkişaf edən regional dövlət kimi iki istiqamətdən gələn təzyiqləri nəzərə almalı vəziyyətdədir. Azərbaycan üçün əsas məsələ isə bu qarşıdurmanın hansı istiqamətə gedəcəyidir. Əgər Vaşinqton və Tehran razılaşmaya nail olarsa, bölgədə yeni diplomatik və iqtisadi reallıq yarana bilər. Əksinə, danışıqların nəticəsiz qalması və hərbi qarşıdurmanın genişlənməsi Azərbaycanın sərhədləri yaxınlığında təhlükəsizlik risklərini artıra, enerji və nəqliyyat marşrutlarına əlavə təzyiq yarada bilər. Burada Azərbaycanın İran siyasəti də sınaqdan keçir. Bakı bir tərəfdən Tehranla qonşuluq və regional təhlükəsizlik maraqlarını nəzərə alır, digər tərəfdən ABŞ və Qərblə strateji tərəfdaşlıq xəttini davam etdirir. Buna görə də Azərbaycan üçün əsas məsələ hansı tərəfin yanında dayanmaqdan daha çox, qarşıdurmanın mümkün nəticələrindən milli maraqlarını qorumaqdır.ABŞ-İran qarşıdurması uzanarsa, Azərbaycan Tehranla münasibətlərini qorumaqla yanaşı, Vaşinqtonla tərəfdaşlığını hansı həddə qədər balanslaşdıra biləcək?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, ABŞ və İran arasında qarşıdurmanın hazırkı mərhələsi Yaxın Şərqdə ənənəvi müharibə və sülh məntiqinə sığmayan mürəkkəb geosiyasi vəziyyət formalaşdırır: “Sentyabrın son günlərində Qətərin vasitəçilik səyləri nəticəsində Vaşinqtonla Tehran arasında diplomatik irəliləyiş əldə olunmaması qarşıdurmanın həllinin hələlik mümkün olmadığını göstərir. Mövcud vəziyyəti daha doğru xarakterizə edən anlayış müharibə ilə diplomatiyanın paralel davam etdiyi qeyri-müəyyənlik mərhələsidir. Burada diqqət çəkən əsas məqam tərəflərin danışıqlara yanaşmasındakı asimmetriyadır. İranın prioritetləri arasında ABŞ-ın təzyiq mexanizmlərinin yumşaldılması, neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Hörmüz boğazı ətrafındakı vəziyyətin normallaşdırılması dayanır. Vaşinqton isə danışıqların nüvə məsələsi və İranın strateji imkanlarının məhdudlaşdırılması istiqamətində nəticə verməsini tələb edir. Beləliklə, tərəflər eyni böhranın müxtəlif ölçülərini danışıqların başlanğıc nöqtəsi kimi qəbul edirlər. Bu vəziyyətin uzanması regional sistem üçün mühüm nəticələr doğura bilər. Çünki uzunmüddətli qarşıdurma yalnız ABŞ və İranın münasibətlərini müəyyənləşdirmir. Körfəz ölkələrinin təhlükəsizlik davranışına, enerji bazarlarına, dəniz nəqliyyatına, regional kommunikasiya xətlərinə və daha geniş Avrasiya geosiyasətinə təsir göstərir. Xüsusilə Hörmüz boğazı məsələsi enerji təhlükəsizliyi ilə hərbi təhlükəsizliyin bir-birindən ayrılmaz olduğunu nümayiş etdirir. ABŞ-ın hərbi vasitələrlə boğazdan enerji axınını təmin etməyə çalışması, digər tərəfdən İranın boğazın açılması məsələsini danışıqların mühüm elementi kimi irəli sürməsi böhranın regional və qlobal iqtisadi ölçüsünü artırır".
Deputat vurğuladı ki, Azərbaycan üçün isə bu qarşıdurmanın əhəmiyyəti ilk növbədə coğrafi mövqeyindən irəli gəlir: "Azərbaycan İranla birbaşa quru sərhədinə malik olmaqla yanaşı, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında enerji və nəqliyyat əlaqələrinin mühüm elementlərindən biridir. Bu səbəbdən İran ətrafında hərbi eskalasiyanın baş verməsi Azərbaycan üçün yalnız xarici siyasət məsələsi deyil, həm də milli təhlükəsizlik, sərhəd sabitliyi, logistika və iqtisadi davamlılıq məsələsidir. Bununla yanaşı Azərbaycanın qarşısında duran məsələni seçimi kimi təqdim etmək analitik baxımdan kifayət qədər əsaslı deyil. Əksinə, Azərbaycanın xarici siyasətinin qarşısında duran əsas vəzifə müxtəlif istiqamətlərdə formalaşan strateji maraqları bir-birini neytrallaşdırmadan uzlaşdırmaqdır. Bu baxımdan 2026-cı ilin fevralında Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası xüsusi əhəmiyyət daşıyır. Sənəddə iki ölkənin regional bağlantı, enerji, investisiya, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirmək niyyəti ifadə olunur. Xartiyada Transxəzər Orta Dəhlizi ilə yanaşı, Azərbaycan ərazisindən Naxçıvana bağlantını nəzərdə tutan TRIPP layihəsinin regional və beynəlxalq bağlantı baxımından əhəmiyyəti də vurğulanır. Bu, Bakı ilə Vaşinqton arasında münasibətlərin artıq yalnız siyasi dialoq səviyyəsində deyil, konkret geoiqtisadi və təhlükəsizlik gündəliyi üzərində qurulduğunu göstərir. Digər tərəfdən, İranla münasibətlər Azərbaycanın regional təhlükəsizlik və iqtisadi maraqları baxımından obyektiv geosiyasi əhəmiyyət daşıyır. Azərbaycan-İran təmaslarında nəqliyyat və kommunikasiya layihələrinin xüsusi yer tutması da bunu göstərir. Məhz bu iki istiqamətin eyni vaxtda mövcudluğu Azərbaycanın xarici siyasətində balans məsələsini yeni mərhələyə keçirir. Əvvəllər balanslaşdırma daha çox müxtəlif güc mərkəzləri ilə münasibətlərin paralel saxlanılması kimi izah edilirdisə, ABŞ-İran qarşıdurmasının dərinləşməsi şəraitində söhbət artıq yalnız diplomatik balansdan getmir. Burada təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əlaqələrin bir-birindən ayrılmayan bütöv sistem kimi idarə olunması zərurəti meydana çıxır”.
Deputatın sözlərinə görə, Azərbaycanın mövqeyində ən həssas məqamlardan biri də nəqliyyat məsələsidir: “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsi İran və Rusiya istiqamətlərini birləşdirən mühüm infrastruktur elementidir. Rəsmi məlumatlara görə, bu dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsi 511 kilometrdir və ölkənin şimal və cənub istiqamətləri arasında tranzit rolunu gücləndirir. Deməli, İran ətrafında uzunmüddətli hərbi gərginlik tranzit axınlarının təhlükəsizliyi və logistika marşrutlarının davamlılığı məsələsini də gündəmə gətirir. Burada Azərbaycanın maraqları ilə ABŞ-ın regional siyasəti arasında müəyyən kəsişmələr olduğu kimi, potensial həssaslıqların mövcudluğu da nəzərə alınmalıdır. Vaşinqton Cənubi Qafqazda regional bağlantının inkişaf etdirilməsini və yeni kommunlarının şaxələndirilməsində maraqlıdır. Azərbaycanın əsas üstünlüyü onun bütün tərəflərlə münasibətlərini eyni geosiyasi çərçivəyə salmaq əvəzinə, hər bir istiqaməti konkret milli maraqlar əsasında ayrıca idarə etmək imkanındadır. İranla münasibətlərdə sərhəd təhlükəsizliyi, ticarət, nəqliyyat və regional sabitlik; ABŞ-la münasibətlərdə strateji tərəfdaşlıq, investisiya, enerji, təhlükəsizlik və regional bağlantı; Avropa ilə münasibətlərdə isə enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri kimi istiqamətlər fərqli, lakin bir-biri ilə əlaqəli prioritetlər yaradır. Buna görə də ABŞ-İran qarşıdurmasının uzanması Azərbaycanı seçim qarşısında qoymaqdan daha çox, onun xarici siyasətinin çevikliyini sınağa çəkəcək. Əgər qarşıdurma diplomatik razılaşma ilə nəticələnsə, Azərbaycan üçün İranla iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eyni zamanda ABŞ və Qərblə strateji əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar yarana bilər. Bu kontekstdə balans anlayışının özünü də yenidən nəzərdən keçirmək lazımdır. Balans hər iki tərəfin mövqeyinə eyni məsafədə dayanmaq demək deyil. Dövlət üçün balansın əsas ölçüsü onun milli maraqlarını və qərarvermə müstəqilliyini qorumaq qabiliyyətidir. Azərbaycan baxımından bu, bir tərəfdən İranla qonşuluq münasibətlərinin yaratdığı obyektiv reallığı nəzərə almağı, digər tərəfdən isə ABŞ və Qərblə formalaşan strateji tərəfdaşlığın imkanlarını məhdudlaşdırmamağı tələb edir. Üstəlik, Azərbaycanın regional siyasətində vasitəçilik və kommunikasiya imkanlarının qorunması ayrıca əhəmiyyət daşıyır".

Müsahibimiz vurğuladı ki, ABŞ-İran böhranında Qətərin vasitəçilik təşəbbüsü göstərir ki, belə qarşıdurmalarda yalnız böyük güclər deyil, regional dövlətlər də diplomatik platforma və kommunikasiya kanallarının formalaşmasında mühüm rol oynaya bilirlər: "Qətərin hazırkı səylərinin nəticə verməməsi isə vasitəçiliyin özünün deyil, tərəflərin mövqeləri arasındakı fundamental ziddiyyətlərin dərinliyini göstərir. Nəticə etibarilə, ABŞ-İran qarşıdurmasının uzanması strateji seçim imkanlarını necə qorumaq lazımdır sualına cavab tapmağı tələb edir. Zənnimcə, Azərbaycanın manevr imkanlarının gələcək taleyini Vaşinqtonla Tehran arasındakı münasibətlərin özündən daha çox, qarşıdurmanın regional sistemə nə dərəcədə institusional və uzunmüddətli təsir göstərməsi müəyyən edə bilər. Əgər qarşıdurma məhdudlaşdırılmış diplomatik çərçivəyə qaytarılarsa, bu Azərbaycanın çoxvektorlu regional əməkdaşlıq imkanlarını genişləndirə bilər. Əgər qarşıdurma uzunmüddətli hərbi-siyasi qarşıdurmaya çevrilərsə, Bakının əsas prioriteti öz strateji maraqlarının qorunmasına yönəlməli olacaq”.