📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vaşinqton və Brüssel vasitəçiliklərinə ara vermək istəmirlər" - ELXAN ŞAHİNOĞLU

2023-06-08 14:30:00

"Çünki onlar təşəbbüslərini bir qədər zəiflətsələr, boşluğu dərhal Moskva doldurmağa çalışacaq ki, bu da ABŞ və Avropa İttifaqının regional maraqlarına ziddir"

"ABŞ və Avropa İttifaqı İkinci Qarabağ müharibəsindən əvvəl indiki qədər fəal deyildilər, görüşlər yalnız Minsk Qrupu həmsədrləri çərçivəsində keçirilərdi. Hazırda Azərbaycan və Ermənistan liderləri, o cümlədən iki ölkənin xarici işlər nazirləri il ərzində Vaşinqton və Brüsseldə tez-tez görüşür və fikir mübadiləsi aparırlar. Müzakirələrin nəticəsi olaraq ortaq sənədlər imzalanmasa da, Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasındakı vasitəçiliklərinə ara vermək istəmirlər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, bunun səbəbi odur ki, Vaşinqton və Brüssel vasitəçilik təşəbbüslərini bir qədər zəiflətsələr, boşluğu dərhal Moskva doldurmağa çalışacaq: "Bu isə ABŞ və Avropa İttifaqının regional maraqlarına ziddir. Moskvanın vasitəçilikdə marağı isə bölgədə sülh, sabitlik və əməkdaşlıq deyil, Ermənistan və Azərbaycana təsir imkanlarını əldən buraxmamaqdır. Ona görə də Vaşinqton və Brüsselin fəallığı həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az