📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqtonun Moskvaya qarşı hazırladığı “iqtisadi bomba” - Rusiya nefti alanlar da cəzalandırılacaq

2026-09-18 10:16:21

Vaşinqtonun Moskvaya qarşı hazırladığı “iqtisadi bomba” - Rusiya nefti alanlar da cəzalandırılacaq

ABŞ-Rusiya qarşıdurmasında iqtisadi cəbhədə yeni və daha sərt mərhələ başlayır. Vaşinqton Moskvanın enerji gəlirlərini və Rusiyanın Ukrayna müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədilə yeni sanksiya mexanizmlərini işə salmağa hazırlaşır.

Sentyabrın 16-da ABŞ Konqresində qəbul olunmuş sənəd Rusiyadan böyük həcmdə neft və qaz alan ölkələrə qarşı əlavə tariflərin tətbiqinə imkan verən mexanizmdir.

Tramp bu səlahiyyətdən istifadə edərək Rusiyanın enerji alıcılarına qarşı 100 faizə qədər tarif tətbiq edəcəkmi və belə bir addım Moskvanın iqtisadi imkanlarına, Rusiya-Çin və Rusiya-Hindistan enerji əməkdaşlığına, eləcə də dünya neft bazarına necə təsir göstərəcək?

Politoloq Elşən Mustafayev bu qərarı Musavat.com belə şərh etdi: "ABŞ-ın Rusiyaya qarşı yeni və ağır təsirli sanksiyalar tətbiq edəcəyi ilə bağlı addımlar xeyli müddət idi ki, müzakirə olunurdu. Bu məlumatları detalları ilə bilərəkdən, öncədən mətbuata sızdırırdılar ki, Rusiya məsələnin ciddiliyini hesablaya bilsin. ABŞ Konqresi və Senatı Ukrayna müharibəsindən dolayı hər zaman Rusiyaya kəskin sanksiyalar qoyulması, Ukraynaya isə maddi və silah dəstəyi göstərilməsi tərəfdarı olub. Baxmayaraq ki Konqres və Senatda İranla bağlı münasibətlərdə yanaşma fərqlidir. Yəni hazırda yeni paket sanksiyaların tətbiq ediləcəyi təhdid kimi yox real vəziyyət kimi görünür. Noyabr ayında Konqres və Senata aralıq seçkilərində əgər Demokratlar partiyası üstünlüyü əla alarsa, Rusiya əleyhinə veriləcək qərarların sayı daha da artacaq. Bunu bildiyindən Donald Tramp seçkilərə qədər ən azı Rusiyanı müharibəni dayandımağa və danışıqlar masasına oturmağa inandırmağa çalışır. O səbəbdən ayın əvvəllərində Stiv Vitkoff və Cared Kuşner Moskvaya Putinlə danışıqlar aparmağa göndərmişdi. Görüşün nəticələrindən belə anlamaq olar ki, məsələ ilə bağlı Putinlə razılıq ədə olnmayıb. Odur ki, Trampın yeni sanksiyalar paketini dəstəkləməkdən başqa yolu qalmır. Rusiyadan neft və qaz almaq sanksiyalar altına düşərsə Rusiya milyardlarla dollar itirəcək. Eyni zamanda bu problemdən çox əziyyət çəkən ucuz rus nefti və qazını alan Çin və Hindistan olacaq. Vəziyyətdən asılı olaraq iqtisadiyyatlarında çöküş olmaması üçün Çin və Hindistan Rusiyaya danışıqlar masasına oturmaqla bağlı təsir göstərməyə çalışcaqlar".

Politoloq hesab edir ki, Rusiya faktorundan istifadə etməklə ABŞ özünə ciddi rəqib kimi qəbul etdiyi, bir çox məsələlərdə fərqli düşünən Çin və Hindistanla bağlı siyasətini həyata keçirməyə çalışacaq: "Hər iki dövlətə Rusiya ilə ticarətlərinə görə ABŞ-a satdığı məhsullara 100 və ya daha artıq faizlərlə rüsumlar tətbiq edə bilər ki, bu da iqtisadi baxımdan çox ağrılı olar. O bir başqa məsələdir ki, ABŞ-a qarşı da güzgü effekti qərarlar edilə bilər. Amma düşünürəm ki, bunları da hesablayıblar. Yəni Trampın Putinlə razılaşmaq üçün başqa yolu qalmayanda istənilən addımı ata biləcəyi ilə bağlı proqnozlar var idi. Hazırda Senat və Konqresin əksəriyyətinin Ruisyaya münasibətdə fikirləri üst- üstə düşür. Bu isə o deməkdir ki, Tramp istədiyi zaman Rusiya əleyhinə qərarları rahatlıqla Senat və Konqresdən keçirə, eyni zamanda adları çəkilən qurumların bu məsələ ilə bağlı verdikləri qərarları qəbul edə bilər".