📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaxtı keçmiş xərçəng dərmanlarını yenidən satdılar – 15 nəfər saxlanıldı

2026-11-09 14:12:07

Vaxtı keçmiş xərçəng dərmanlarını yenidən satdılar – 15 nəfər saxlanıldı

Türkiyədə vaxtı keçmiş xərçəng dərmanlarının qablaşdırmasını dəyişdirərək yenidən satışa çıxaran cinayətkar şəbəkəyə qarşı əməliyyatın ikinci mərhələsi keçirilib. Əməliyyat zamanı aralarında həkim və tibb bacılarının da olduğu 15 şübhəli saxlanılıb.

Hurriyyet.net  Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul mərkəzli üç vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

İstintaq materiallarına görə, şəbəkə xəstəxanalardan əldə etdiyi istifadə müddəti bitmiş onkoloji dərmanları saxta qutulara və təlimat vərəqələrinə yerləşdirərək yenidən satışa çıxarıb. Dərmanların həm Türkiyə daxilində, həm də xarici ölkələrdə satıldığı müəyyən edilib.

Qeyd edək ki, noyabrın 2-də eyni cinayət işi üzrə İstanbul mərkəzli 11 vilayətdə ilk genişmiqyaslı əməliyyat keçirilmişdi. Həmin əməliyyat zamanı 22 şübhəli saxlanılmış, sonradan onlardan 21-i barəsində həbs qətimkan tədbiri seçilmişdi.

İlkin araşdırmalar zamanı İran vətəndaşı Moharram Cabbari tərəfindən idarə olunduğu bildirilən şəbəkənin fəaliyyətinin miqyası da üzə çıxarılıb. Şübhəlilərin və onlarla əlaqəli şirkətlərin ümumi maliyyə əməliyyatlarının həcminin təxminən 650 milyon Türkiyə lirəsi olduğu müəyyən edilib.

İlk əməliyyat zamanı götürülən telefon və digər rəqəmsal daşıyıcıların, eləcə də Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatlarının təhlili istintaqın yeni istiqamətlərini üzə çıxarıb.

İkinci əməliyyat zamanı saxlanılan 15 nəfər arasında həkim, tibb bacısı, əczaçı köməkçisi, mətbəə işçiləri və anbar məsul şəxslərinin olduğu bildirilir. Üç iş yerində də axtarış aparılıb.

Araşdırma davam etdirilir.