Vergi borcu sürətlə artır - Hökumətdən gözlənti
Maliyyə Nazirliyi cari ilin 9 ayı üzrə hesabatı açıqlayıb. Məlum olub ki, cari ilin sentyabrına ölkədə vergi borclarının həcmi təxminən 2,5 milyard dollar səviyyəsinə qədər yüksəlib. 2026-cı ilin əvvəli ilə müqayisədə bu göstərici 939,2 milyon manat, yəni 28,4 faiz yüksəlib. Keçən ilin anoloji dövrü ilə müqayisədə isə vergi öhdəlikləri üzrə borclar 1 milyard 78,7 milyon manata qədər artıb ki, bu da faiz nisbətində 34 faiz yüksəlmə deməkdir.
Bu artımın diqqət çəkən tərəfi odur ki, borc iqtisadiyyatın qeyri-neft sektorunda, xüsusilə özəl biznesdə cəmləşir. Mətbuatda yayılan hesabat məlumatlarına görə, ümumi borcun təxminən 76 faizi, yəni 3,2 milyard manatı özəl biznesin payına düşür. İnflyasiya, əməkhaqqı, icarə, logistika və digər əməliyyat xərclərinin artması sahibkarların mənfəətini azalda bilər. Satışdan gələn pul cari xərcləri qarşılamağa çatmadıqda vergi ödənişləri təxirə salınır.
Ümumilikdə isə vergi borcu 4,2 milyard civarındadır. Bu dövlət, sahibkar və iqtisadiyyat üçüm hansı riskləri yaradır? Ümumiyyətlə, vergi borcunun sürətlə artmasının qarşısını almaq istiqamətində hökumət hansı addımları atmalıdır?
İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, vergi borclarının qısa müddətdə bu qədər artması iqtisadiyyat üçün diqqətə alınmalı ciddi siqnaldır. Çünki vergi borcu təkcə sahibkarların dövlət qarşısında öhdəliklərini yerinə yetirməməsi demək deyil, eyni zamanda biznesin maliyyə vəziyyətində yaranan problemlərin də göstəricisi ola bilər. Xüsusilə, borcların böyük hissəsinin özəl sektorun payına düşməsi onu göstərir ki, sahibkarların müəyyən qismi fəaliyyətlərindən əldə etdikləri gəlirlə mövcud xərclərini və vergi öhdəliklərini qarşılamaqda çətinlik çəkir”.
İqtisadçıya görə, burada bir neçə amili nəzərə almaq lazımdır: “Son dövrlərdə əməkhaqqı, icarə, logistika, enerji və xammal xərclərinin artması biznesin mənfəət marjasını daraldır. Digər tərəfdən, bəzi sahələrdə dövriyyə olsa da, real mənfəət aşağıdır. Sahibkar satış həyata keçirir, lakin əldə etdiyi vəsaitin böyük hissəsini malın alınmasına, əməkhaqqına və digər cari xərclərə yönəldir. Belə vəziyyətdə vergi ödənişləri təxirə salına və borclar yığıla bilər. Bununla belə, vergi borclarının artımını yalnız iqtisadi çətinliklərlə izah etmək olmaz. Vergidən yayınma, ödəniş intizamının zəifliyi və bəzi müəssisələrin fəaliyyətini dayandırdığı halda borclarının qalması da bu göstəriciyə təsir edə bilər.
Bu vəziyyət ilk növbədə dövlət büdcəsi üçün risk yaradır. Çünki büdcəyə daxil olmalı olan vəsait vaxtında daxil olmur və dövlətin maliyyə planlaşdırmasında müəyyən çətinliklər meydana çıxır. Sahibkarlar üçün isə vergi borclarının yığılması əlavə maliyyə yükü, faiz və sanksiyalar, hesabların məhdudlaşdırılması və nəticədə fəaliyyətin dayandırılması təhlükəsi yaradır. Əgər müəssisələrin bir hissəsi fəaliyyətini dayandırmağa məcbur olarsa, bu, iş yerlərinin azalmasına, istehsalın zəifləməsinə və iqtisadi fəallığın aşağı düşməsinə gətirib çıxara bilər. Yəni vergi borcu artdıqca problem yalnız dövlətlə vergi ödəyicisi arasında münasibət çərçivəsində qalmır, bütövlükdə iqtisadiyyata təsir göstərir”.Akif Nəsirli qeyd edib ki, hökumət bu problemin həlli üçün ilk növbədə vergi borclarının yaranma səbəblərini fərqləndirməlidir: “Ödəniş imkanları olduğu halda vergidən yayınan sahibkarlarla obyektiv maliyyə çətinliyi yaşayan müəssisələrə eyni yanaşmaq düzgün olmaz. Müvəqqəti çətinliklə üzləşən, lakin fəaliyyətini davam etdirmək potensialı olan bizneslər üçün borcların hissə-hissə ödənilməsi, restrukturizasiya və müəyyən hallarda ödəniş müddətinin uzadılması mexanizmləri genişləndirilməlidir. Eyni zamanda, vergi inzibatçılığı sadələşdirilməli, sahibkarların hesabat və ödəniş yükü optimallaşdırılmalıdır.
Ən vacib məqam isə biznesin vergi ödəmək qabiliyyətini qorumaqdır. Dövlət üçün yalnız vergi borclarını qısa müddətdə yığmaq deyil, vergi ödəyicilərinin fəaliyyətini davam etdirməsi və gələcəkdə müntəzəm vergi ödəməsi də maraqlı olmalıdır. Çünki işləyən, gəlir əldə edən və inkişaf edən müəssisə dövlət büdcəsi üçün daha dayanıqlı vergi mənbəyidir. Vergi borclarının artmasının qarşısını almaq üçün cərimə və məcburetmə tədbirləri ilə yanaşı, sağlam biznes mühitinin qorunmasına da diqqət yetirilməlidir”.