📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən Müharibəsi qazisi: “Mənə qarşı haqsızlıq olub”

2021-10-05 17:07:00

      Vətən Müharibəsi qazisi: “Mənə qarşı haqsızlıq olub”

“Hürriyyət”in redaksiyasına müraciət edən Vətən Müharibəsi qazisi ona qarşı haqsızlıq olduğunu bildirir.

 

İmişli Rayonunun Aranlı kəndində anadan olan, hazırda həmin kənddə yaşayan 24 yaşlı Muradov Elçin Arif oğlu əsgəri xidmətdə olduğu zaman Aprel döyüşlərində iştirak etdiyini, 44 günlük Vətən Müharibəsinin 2-ci günündən etibarən isə könüllülər sırasında döyüşlərə qatıldığını və piyada hissələri tərkibində döyüşdüyünü  söyləyir.

 

 Qazimizin Füzulidən başlayan döyüş yolu Cəbrayıl və Qubadlıdan keçib.Ötən ilin 22 oktyabrında Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə,   hər iki ayağından ağır mina qəlpəsi yarası alıb. Üzünün bir hissəsi ciddi zədələnib, eləcə də qasıq nahiyəsindən xəsarət alıb.

 

Elçin Muradov “Yaşat” Fondunun dəstəyi ilə  üzünün, qasıq nahiyyəsinin və ayaqlarının əməliyyat olunduğunu,  hər iki ayağının  dağılmış sümüklərinin İlizarov aparatının köməyi ilə bərpa edildiyini, ayaqlarından birinin nisbətən yaxşı vəziyyətdə olduğunu və artıq aparatdan ayrıldığını, digər ayağının isə hələ də aparatda qaldığını, iki   barmağının işləmədiyini, 12 aydır yataq rejimində olduğunu bildirir.

 

Qazi müalicəsinin gedişatından narazı olmadığını, “Yaşat” fondundan yetərincə qayğı gördüyünü, hələlik Azərbaycanda müalicə olunsa da, lazım gələrsə, fond tərəfindən müalicəsini davam etdirmək üçün qardaş Türkiyəyə göndəriləcəyini qeyd edir.

 

Qazimizin şikayəti isə ona əllillik dərəcəsi verən Sosial Müfdafiə Nazirliyindəndir. Elçin Muradov iddia edir ki, ona 2-ci dərəcə müəyyən olunmalı idi, amma nazirlik ona qarşı haqsızlıq edərək 3-cü dərəcəli əlillik müəyyən edib.  

 

Bundan əlavə, Elçin Muradov yaşayış şəraitinin qənaətbəxş olmadığını da vurğulayır. Deyir ki, ona baş çəkməyə gələn İmişli Rayonunun icra başçısına, evlərində hamam olmadığını, həyətdəki ayaqyoluna getməyə çətinlik çəkdiyini söyləsə də, hələlik heç bir nəticə yoxdur. İcra başçısının ailəyə yeganə köməyi qazinin anasını işlə təmin etməsi olub. Ailə 4 nəfərdən ibarətdir, ata işəmuzd fəhlədir, məktəbi yeni bitirən bacı  evdə ona isə evdə yaralı qardaşına qulluq edir.

 

Elçin Muradov deyir ki,  “Yaşat” Fondu ona 2500 manat məbləğində yardım edib, amma ayda bir neçə dəfə müayinə olunmaq üçün Bakıya gəlməli olduğundan bu pul elə yollarda xərclənib gedir.

 

Qazimiz kənd yollarının yarasızlığından, bələdiyədən yollara daş tökməyi xahiş etsə də, səsinə səs verilmədiyindən də gileylidir. Amma ən böyük gileyi artıq qeyd etdiyimiz kimi, əlillik dərəcəsindəndir. Elçin Muradov aidiyyatı qurumlardan kömək istəyir və bir qazi kimi haqqını tələb edir.

 

P.S. Biz də aidiyyatı qurumlardan vətənin bütövlüyü uğrunda sağlamlığını qurban verən qazimizin səsinə səs vermələrini xahiş edirik.

 

Runa

Hurriyyet.az