Vətən müharibəsində şəhid olan neçə Naxçıvan əsilli hərbçi var? - MÜVAFİQ ORQANLAR SUSUR
“Hürriyyət” qəzeti olaraq 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olan şəhidlərimizlə bağlı araşdırma aparır. Araşdırma çərçivəsində Naxçıvan Muxtar Respublikasında anadan olan, Naxçıvan əsilli şəhidlərimizin siyahısını dəqiqləşdirməkdə çətinlik çəkirik.
Belə ki, rəsmi statistika ilə apardığımız araşdırma nəticəsində əldə etdiyimiz siyahı arasında ciddi fərq mövcuddur.
Bu səbəbdən, müvafiq qurumlara 44 günlük savaşda şəhid olan Naxçıvan əsilli hərbçilərin siyahısının “Hürriyyət” qəzetinə verilməsi ilə bağlı müvafiq idarələrə sorğu göndərdik.
Həmçinin, mətbuatda və sosial şəbəkələrdə şəhid olduğu bildirilən Cəlilabad rayon, Ocaqlı kənd sakini Əhmədov Mirzə Balaqardaş oğlunun hansı şəraitdə həlak olması ilə bağlı müvafiq qurumlardan məlumata əldə etmək istədik.
Göndərdiyimiz sorğulardan ilk olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cavab gəlib. Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına dair məlumatlar xidmət keçdikləri dövlət orqanlarında saxlanılır:
"Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının “Qan yaddaşı” bölümündə I və II Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçular barədə məlumatlar mövcuddur.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına dair məlumatlar (harada və hansı vəzifədə hərbi xidmət keçməsi, döyüş yolu, şəxsi məlumatlar və s.) xidmət keçdikləri dövlət orqanlarında saxlanılır. Bu səbəbdən Əhmədov Mirzə Balaqardaş oğlunun hansı səbəb və şəraitdə həlak olması (ölməsi) barədə dəqiq məlumatların əldə edilməsi üçün mərhumun hərbi xidmət keçdiyi orqana müraciət etməyiniz tövsiyə olunur".
Təəssüf ki, digər iki qurumdan - Müdafiə nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən sorğumuza cavab ala bilmirik. Mətbuat xidmətinin bilavasitə funksiyası media orqanlarından gələn sorğunu araşdırıb onlara cavab verməkdən ibarət olmalıdır. Hesab edirik ki, öz təmsil etdiyi qurumun nüfuzunu düşünən mətbuat katibləri jurnalistlə həmin qurum arasında sipər yox, körpü rolunu oynamalıdır – ehtiyac olanda özü sorğuya cavab verməli, konkret sahəvi sual olanda müvafiq şöbənin məsul əməkdaşı ilə əlaqələndirməlidir.
YƏHYA