📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsində şəhid olan üç mülki işçi...

2021-09-29 09:38:00

Vətən müharibəsində şəhid olan üç mülki işçi...

Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində hərbi qulluqçularla yanaşı, mülki qulluqçular da şücaət göstərib.

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın qələbəsi ilə başa çatan şanlı döyüşlərdə üç mülki qulluqçu şəhid olub.

Həmin şəhid mülki işçilər barədə məlumatları təqdim edirik:

Əliyev Rövşən İbrahim oğlu 

1971-ci il təvəllüdlü R.Əliyev 1992-ci ildən N saylı hərbi hissədə mexanik kimi işləyirdi.

O, Vətən müharibəsi zamanı mülki işçi kimi xidməti vəzifələrini icra etməyə başlayıb. 29 sentyabrda Füzuli rayonu Şükürbəyli kəndi ərazisində zirehli tank texnikalarını təmir-təxliyyə edərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində şəhid olub. 

Bakının Qaradağ rayonunda dəfn olunan şəhid R.Əliyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

İbadov Rafiq Baloğlan oğlu

Rafiq İbadov Vətən müharibəsinin ən yaşlı şəhididir. 1965-ci ildə Zəngilanda anadan olan R.İbadov uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışıb.

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Vətən müharibəsində Tərtər-Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlər zamanı tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rafiq İbadov da Rövşən Əliyev kimi sentyabrın 29-da Füzulinin Şükürbəyli kəndi ərazisində zirehli tank texnikalarını təmir-təxliyyə edərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. 

Həmidov Elşən Məzahir oğlu

Elşən Həmidov 1979-cu ildə Füzulinin Əhmədalılar kəndində anadan olub.

O, bir müddət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) çalışıb. 2020-ci ilin avqustun 15-dən isə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində sürücü vəzifəsində çalışıb.

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə hərbi qulluqçuları daşıyan hərbi təyinatlı avtomobillərin sürücüsü olub. Elşən Həmidov noyabrın 8-də Xocavənd rayonu ərazisində şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan şəhidimiz ailəli idi, üç övladı yadigar qaldı.