Vətənlə birgə çəkilən ad - FOTOLAR
Zaur Nizami oğlu İsmayılzadə 44 günlük haqq savaşımızda Vətən torpaqlarının azadlığı uğrunda yağı düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Şərəfli ölümü xalqına başucalığı gətirən bu Vətən sevdalısı 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində, hərbçi ailəsində anadan olub.
Ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin, Şuşanın azadlığına görə medalları ilə təltif edilən Zaur İsmayılzadənin adı hər dəfə doğma Azərbaycanla birgə çəkilir, lənkəranlılar bununla qürur duyurlar. İndi ölməz qəhrəmanın xatirəsinə burada insanlar tərəfindən müqəddəs sayılan yadigarlar çoxdur.
Zaur İsmayılzadənin Vətən, torpaq naminə şəhadətə qovuşduğu gündən 3 il ötür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra ailəsinin üzvləri şəhid Zaur İsmayılzadənin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Söhbət zaman bildirilib ki, 44 günlük Qarabağ müharibəsində qanları bahasına Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar xalqın qəlbində yaşamaqla, heç vaxt unudulmaz və onların şərəfli ömür yolları gələcək nəsillər örnək olacaq. Bizim Zaur da onların içində. O, şəhid olana qədər bir ailənin övladı idi. İndi isə Vətən ona oğul deyir.
Daha sonra icra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemlərini ətraflı öyrənib.
Azərbaycan Ordusunun əsgəri olan Zaur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb, düşmənə ağır itkilər verərək şəhidlik zirvəsinə ucalıb və Lənkəran rayonunda hər qarışını canından artıq sevdiyi torpağa tapşırılıb.
Zəfər ORUCOĞLU

