"Vicdansız müəllimi olan şagirddən çox şey gözləməyin" - FƏRHAD MEHDİYEV
"Təhsil işçilərimiz elə bir dairə qurub ki, burda şagird və valideyn uduzur, digər təhsil işçiləri, o cümlədən məktəbdəki müəllimlər və repetitorlar hamısı qazanır"
"Cəmiyyətimizdə təbdil çalınası məsələlərin başında orta məktəb müəllimlərinin yarıtmaz dərs keçmələridir. Məqsəd də bəllidir, uşaq hazırlığa gəlsin deyə. Peşəsinə və vəzifə borcuna hörmət edən müəllim sinifdə dərsini vicdanla keçməlidir". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev qeyd edib.
Professorun sözlərinə görə, belə məktəb və müəllimlər barmaqla sayılacaq qədərdir: "Son 3-4 illərdə müəllim dərs keçmir, uşaq öyrənmək üçün repetitora getməlidir, şagird məktəbdəki dərsə getmir və onun boş, mənasız dərslərdə oturmamasını "qayıb" kimi sayılmasın və göz yumulsun deyə, uşağın valideyni illik kiməsə "hörmət" verməli olur. Təhsil işçilərimiz elə bir dairə qurub ki, burda şagird və valideyn uduzur, digər təhsil işçiləri o cümlədən məktəbdəki müəllimlər və repetitorlar hamısı qazanır. Məsələn, mən hazırda son sinifdə oxuyan oğlumun təhsili üçün aylıq 600 manata yaxın repetitorlara pul ödəyirəm. 10 aya bu 6000 manat edir. Bir cəmiyyətin təhsil sektoru belə yozlaşanda, iyrəncləşəndə, insanın gələcəklə bağlı bütün ümidləri bir anda boz rəngdə olur. Vicdanlı müəllimlərimiz var, amma onlar azdır. Vicdansız müəllimi olan şagirddən də çox şey gözləməyin, çünki bir rol-model kimi həmin müəllim zay məhsuldur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az