📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Viktor Orban: Rusiya atəşkəsə hazırdır, lakin şərti var...

2024-07-09 11:44:42

Viktor Orban: Rusiya atəşkəsə hazırdır, lakin şərti var...

Macarıstanın baş naziri Viktor Orban Moskvaya səfərindən sonra bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada uduza bilməz, çünki bu münaqişədə bütün üstünlüklər onun tərəfindədir.

“Putin üçün hər şey sadədir: faktlara, enerji mənbələrinə, əhaliyə baxın. Putin məğlub ola bilməz, bu məntiqdir. Müharibədə istifadə olunan əsgərlərə, silahlara və texnologiyalara nəzər salsaq, o zaman Rusiyanı məğlub etməyi təsəvvür etmək belə çətindir”, Orban “Velt”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın aylarda Ukraynada vəziyyət “daha ​​pisləşəcək”, qarşıdurma güclənəcək və daha çox insan tələfatı olacaq.

“Onların daha çox silahı var və ruslar qətiyyətlidir. Hər iki tərəf bunun üçün çox səy göstərir. Hətta ukraynalılar da çoxlu yüksək keyfiyyətli silah aldıqlarına görə daha optimist olublar”, deyə Orban bildirib.

Orbanın Kiyev və Moskvaya, sonra isə Pekinə səyahətinin nəticələrindən biri isə Putinlə ünsiyyətin nəticələrinə dair Aİ rəhbərliyinə məktub oldu. Bu sənəd onu adının açıqlanmasını istəməyən avropalı məmurdan aldığını iddia edən ABŞ-ın “Azadlıq Radiosu” tərəfindən dərc edilib.

Məktubun həqiqiliyini daha iki anonim Aİ rəsmisi də təsdiqləyib ki, bu da onun hansı sənəd olduğu sualını açıq qoyur.

“Putinin cəbhə xəttindəki vəziyyətə münasibəti prezident Zelenskinin dediklərindən xeyli fərqlənir. Putin Rusiyanın itkilərindən bəhs etməyib. Ukraynanın itkilərinə gəlincə, Rusiya tərəfi Ukrayna qüvvələrinin aylıq itkilərini 40-50 min əsgər kimi qiymətləndirir ki, bu da son həftələrdə daha da artıb”, deyə sızan sənəddə deyilir.

Amma əsas sensasiya ondan ibarətdir ki, məktubun məzmununa görə, Rusiya hələ də sülh müqaviləsi olmadan atəşkəslə razılaşa bilər. Ancaq yalnız bir şərtlə ki, bu atəşkəs Ukrayna Silahlı Qüvvələri tərəfindən gizli qruplaşma, yenidən güc yığma, toparlama və yenidən silahlanma üçün istifadə edilməyəcək.

“Ukrayna prezidentinin müvəqqəti atəşkəs təklifini rədd etməsi Putini təəccübləndirib. Putin Ukrayna qüvvələrinin gizli yerdəyişməsi və yenidən təşkilinə rəvac verməyən mümkün atəşkəsi nəzərdən keçirməyə hazırdır. Rusiya yalnız 2022-ci ilin aprelində İstanbulda danışıqlar zamanı müəyyən edilmiş şərtlərlə razılaşmağa hazırdır. Moskva həmçinin Çin və Braziliya arasında qondarma sülh təklifi ilə bağlı fikir mübadiləsi aparmağa hazırdır. Rusiya hakimiyyəti əmindir ki, zamanın uzanması Ukraynanın yox, Rusiya qüvvələrinin xeyrinədir”, Orbanın məktubunda deyilir.

Rusiyalı politoloq Sergey Markov Rusiyanın müəyyən şərtlər daxilində hələ də razılaşma olmadan sadə atəşkəsə razı olması tezisini “sensasiya” hesab edir. Onun sözlərinə görə, “bu, bir çox dövlət başçılarına nikbinlik bəxş edəcək və onlar Rusiyanı ikiqat ciddi-cəhdlə razı salmağa tələsəcəklər”.

Ülviyyə, Hurriyyet.az