📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Məmmədov haqda yalan məlumatların yayılması məqsədlidir? – MEDİANIN DİQQƏTİNƏ!

2026-05-05 14:20:14

Vüqar Məmmədov haqda yalan məlumatların yayılması məqsədlidir? – MEDİANIN DİQQƏTİNƏ!

Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin və “Hürriyyət TV”-nin baş redaktoru Vüqar Məmmədovun məhkəmə prosesi başlayıb. Xatırladaq ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında baş redaktorun anket məlumatları dəqiqləşdirilib.

Təəssüflə qeyd edirik ki, hakimin sorğu-saualına cavab zamanı V.Məmmədovun səsləndirdiyi bəzi fikirlər müxtəlif media subyektlərində yanlış əks olunub. Belə ki, Baş redaktor hakimin sualına cavab olaraq Rəssamlıq Akademiyasını bitirdiyini desə də, müxtəlif saytlar onun orta təhsilli olduğunu qeyd edib.

O cümlədən, Vüqar Məmmədov 2004-cü ildə barəsində qanunsuz olaraq dələduzluq maddəsi ilə cinayət işinin açıldığını bildirsə də, bəzi həmkarlarımız Baş redaktorun dələduzluqla əlaqədar məhkum olunduğu haqda yanlış qənaətə gəlib. Hansı ki, V.Məmmədov məhkəmədə dələduzluq maddələri üzrə cinayət işi açıldığını, sonradan qeyd olunan ittihamlar öz təsdiqini tapmadığı üçün məhkəmə tərəfindən rədd edildiyini açıqlamışdı.

Bütün bunları nəzərə alaraq, “Hürriyyət” olaraq dəyərli media nümayəndələrindən xahiş edirik ki, bizim üçün indiki həssas dönəmdə Vüqar Məmmədov barəsində hər hansı informasiya hazırlayarkən daha diqqətli olsunlar və mümkün qədər yanlışlığa yol verməkdən çəkinsinlər. Ən azı ona görə ki, V.Məmmədovun qanunsuz olaraq həbs olunduğu bir vaxtda media nümayəndələrinin də “yanğına körüklə getməsini” istəməzdik.

Onu da qeyd edək ki, Vüqar Məmmədovla əlaqədar jurnalistləri düşündürən bütün suallara “Hürriyyət” olaraq cavab verməyə hazırıq və bütün media subyektləri istənilən vaxt redaksiyamızla əlaqə saxlaya bilərlər.

Müraciətimizə anlayışla yanaşacağınız üçün hər birinizə təşəkkür edirik.

Jalə FAMİLQIZI

Hurriyyet.az