"VÜQAR MƏMMƏDOVA SİZİN ADINIZDAN TƏZYİQ GÖSTƏRİLİR" - "Hürriyyət" Fərid Əhmədova müraciət etdi
“Hürriyyət” qəzetinin kollektivi Ədliyyə naziri Fərid Əhmədova müraciət edib. Hurriyyet.media həmin müraciəti olduğu kimi dərc edir:
"Cənab Nazir!
Bu müraciəti Sizə “Hürriyyət” qəzetinin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun sağlıq durumunda yaranmış ciddi problemlərlə əlaqədar yazırıq.
Öncə diqqətinizə çatdırmaq istəyirik ki, biz, “Hürriyyət” olaraq, Ədliyyə naziri təyin olununduğunuz ilk gündən etibarən Sizin rəhbərlik etdiyiniz qurumda böyük islahatlar həyata keçirəcəyinizə inanmış və bunu dəfələrlə öz yazılarımızda qeyd etmişik. Doğrudur, sonrakı dönəmdə müəyyən neqativ hadisələrlə bağlı tənqidi mövqe də ortaya qoymuşuq. Amma bütün bunlar heç də Sizin fəaliyyətinizə kölgə salmaq məqsədi daşımayıb. Əksinə, apardığınız islahatları qəbul etməyən, yeni dönəmlə ayaqlaşa bilməyən bəzi məmurların qanunsuz əməllərini işıqlandırmışıq ki, Siz və komandanız qeyd olunan sahələrdə müəyyən tədbirlər görəsiniz.
İnsaf naminə, qısa müddətdə qaldırdığımız əksər problemlərin həll olunduğunun da şahidi olmuşuq.
Cənab Nazir!
Əfsuslar olsun ki, hələ də ədliyyə sistemində Sizin fəaliyyətinizə kölgə salmağa çalışan, özünün şəxsi çıxarlarını dövlət maraqlarından üstün tutan məmurlar yox deyil. Bunlardan biri kimi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki Çingiz Əlləzovu misal göstərə bilərik. Hansı ki, bu şəxs “mən bütün göstərişləri birbaşa nazirdən alıram”, - deyərək “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun müalicə almasına əngəl olur. Ən pisi də odur ki, o, öz qanunsuz əməllərini məhz Sizin adınıza bağlayır və belə rəy formalaşdırmağa çalışır ki, Vüqar Məmmədovun tədricxanada təzyiqlərə məruz qalması, müalicəsinin qarşısının alınaraq, faktiki olaraq, ölümə tərk edilməsi Sizin maraqlarınızdan irəli gəlir.
Əlbəttə, biz buna inanmırıq. Ən azı ona görə ki, “Hürriyyət” qəzeti nazir təyin olunduğunuz gündən bu yana hər zaman Sizin gördüyünüz işləri təqdir etmiş, yuxarıda da qeyd etdiyimiz kimi, ilk gündən Azərbaycanın ədliyyə sistemində mövcud olan neqativ halların tezliklə aradan qalxacağına inam sərgiləmişdir. Odur ki, bu gün Sizin “Hürriyyət”in baş redaktoruna qarşı heç bir qəsdi-qərəzinizin olmadığına əminik. Digər tərəfdən, hansısa xırda rütbəli məmurun qəzətimizin səhifələrində tənqid olunmasının da Sizin əleyhinizə deyil, əksinə xeyrinizə olduğunu düşünürük. Belə olduğu təqdirdə, Siz nə üçün Vüqar Məmmədovu ölümə tərk etməlisiniz ki?!
Cənab Nazir!
Sonda Sizdən xahişimiz odur ki, hakim də müvafiq qurumlara yazılı müraciət etdiyindən, sağlıq durumu günbəgün ağırlaşan, təcili əməliyyata ehtiyacı olan Vüqar Məmmədovun özəl tibb müəsisəsinə çıxarılaraq, şəxsi vəsaiti hesabına əməliyyat edilməsinə razılıq verəsiniz.
Sizə öncədən kollektivimiz adından minnətdarlığımızı çatdırırıq".
Hurriyyet.media