Vüqar Məmmədovun ailə üzvləri Fuad Ələsgərovun qəbulunda oldu
"Hürriyyət" qəzetinin və "Hurriyyet TV" -nin baş redaktoru Vüqar Məmmədovun ailə üzləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olublar.
Hurriyyet.media xəbər verir ki, baş redaktorun ailə üzvlərini F. Ələsgərovun adından köməkçisi Gülnarə Rəsulova qəbul edib. Ona hazırda həbsdə olan Vüqar Məmmədovun səhhətində yaranmış problemlə əlaqədar məlumat verilib və təcili olaraq əməliyyata ehtiyacı olduğu bildirilib. Qeyd olunub ki, hakim heyəti baş redaktorun müalicə olunması və yaxud əməliyyat edilməsi üçün özəl tibb müəssisəsinə köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə yazılı müraciət etsə də, qarşı tərəf V.Məmmədovun müalicəsinə imkan vermir.
Gülnarə Rəsulova baş redaktorun ailə üzvlərini dinlədikdən sonra qeyd olunan problemlə əlaqədar Penitensiar Xidmət rəhbərliyindən xahiş edəcəklərini vurğulayıb.
O ki qaldı Vüqar Məmmədovun qanunsuz olaraq həbsdə saxlanılmasına, Gülnarə Rəsulova bildirib ki, bu məsələ onların səlahiyyətində olmadığından, sözügedən problemlə bağlı baş redaktorun ailə üzvlərinə heç bir köməklik göstərə bilməyəcəklər.
Hazırladı, Jalə FAMİLQIZI
Hurriyyet.media