Vüqar Məmmədovun məhkəməsi oldu - ŞAHİDLƏRİN İFADƏLƏRİ DİNLƏNİLDİ
Bu gün, 14 oktyabr saat 14:15-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirildi.
Hurriyyet.net xəbər verir ki, hakim Emin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə şahidlər dinlənildi. Hər dəfə olduğu kimi, ittihamçı tərəf olan “Veysəloğlu” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri, prosesdə şikayətçi kimi adı keçən Məhəmmədəli Qəribli yenə də məhkəmədə iştirak etmirdi.
Digər şahidlər “Universal reklam” MMC-nin rəhbəri Elxan Mahmudov və “Azərsun holding”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov ifadə verdilər.
Qeyd edək ki, hər iki şahid “Hürriyyət”in baş redaktoru barəsində cinayət işi açılanədək Vüqar Məmmədovu şəxsən tanımadıqlarını bəyan etdilər. “Universal reklam” MMC-nin rəhbəri Elxan Mahmudov ifadəsində bildirdi ki, V.Məmmədovla yalnız 1 dəfə telefon vasitəsilə əlaqə saxlayıb və Hurriyyet.az saytında “Azərlotereya” şirkətinin reklam banerlərinin yerləşdirilməsini təklif edib. Onun sözlərinə görə, V.Məmmədov razılıq verdikdən sonra “Universal reklam"la “Hürriyyət qəzeti" MMC arasında reklam müqaviləsi bağlanılıb.
Digər şahid Rza Məmmədov isə, ümumiyyətlə V.Məmmədovla heç bir əlaqəsinin olmadığını və onunla telefon vasitəsilə belə, danışmadığını vuğuladı. O, qeyd etdi ki, “Azərsun” şirkəti adından Vüqar Məmmədovla əlaqəni təmsilçi nümayəndə qurub və onların arasında baş tutan razılaşma əsasında müqavilə bağlanılaraq, Hurriyyet.az saytında təmsil etdiyi şirkətin reklam materialları dərc olunub.
Qeyd edək ki, şahidlərin ifadələri dinlənildikdən sonra Vüqar Məmmədovun vəkili Rövşanə Rəhimli baş redaktorun səhhəti ilə əlaqədar ev həbsinə buraxılması ilə bağlı vəsatət qaldırdı. İttihamçı tərəflər buna etiraz etməsə də, prokuror Orxan Kəngərli vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə heyətinə müraciət etdi. Bundan sonra hakimlər müşavirə otağına yollandılar və iclas zalına qayıtdıqdan sonra vəsatətin təmin olunmaması ilə bağlı qərarlarını açıqladılar.
Baş redaktorun növbəti məhkəmə prosesi 4 noyabr saat 15:00-a təyin edildi.
Hurriyyet.net