📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Məmmədovun müalicəsinə hansı qurum mane olur? – CƏSUR MƏMMƏDOV YAZIR

2026-10-06 12:06:54

Vüqar Məmmədovun müalicəsinə hansı qurum mane olur? – CƏSUR MƏMMƏDOV YAZIR

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhəti ağır olmaqdadır. İndiyədək müraciət etmədiyimiz qurum qalmayıb, lakin cavab dəyişmir...

Xatırladaq ki, Vüqar Məmmədov 29 oktyabr 2025-ci ildə əsassız və qanunsuz olaraq həbs olunub. İlk günlər “Ramiz Mehdiyev məsələsi” ilə bağlı həbs olunduğu bildirilsə də, sonradan başqa maddələrlə ittiham olundu.

Məlumat üçün bildirim ki, Vüqar Məmmədov həbs olunmamışdan qabaq ürəyindən müalicə alırdı. Həbsdən sonra isə onun sağlamlığında digər ciddi problemlər də yarandı. Tibb Baş İdarəsinin həkimləri tərəfindən prostatın adinoması, sağ qasıq nahiyədə yırtıq və böyrəklərdə kista və daş olduğu haqda diaqnoz qoyuldu. Həmçinin, çox güman ki, baş verənlər səbəbindən nevroloji problemlər də meydana çıxdı, hansı ki, bütün bunlar təcili müalicə olunmalı xəstəliklərdir.

Deməli, bir neçə aydır ki, ailəsi və “Hürriyyət”in kollektivi baş redaktorun müalicəsi ilə bağlı Tibb Baş İdarəsinə və Ədliyyə Nazirliyinə ardıcıl müraciətlər edirik. Hələ bizim müraciətlərə düzgün cavab verilmir. Bununla bağlı bir neçə dövlət orqanlarına da müraciət etmişik. Sonuncu dəfə Prezident Administrasiyasına müraciət etdik, amma hələ heç bir tədbir görülmür…

Onu da deyim ki, Tibb Baş İdarəsinin rəis müavini Çingiz Əlləzov tərəfindən göndərilən cavab məktubunda deyilir: “Həbs edilmiş şəxs Vüqar Məmmədovun tibbi təminatı barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına və müxtəlif dövlət qurumlarına ünvanladığınız müraciətlərinizə aidiyyəti hissədə Ədliyyə Nazirliyi Tibb baş idarəsində baxılmışdır.

Bildirirlir ki, penitensiar müəssisələrdə saxlanıldığı müddətdə V. Məmmədovun səhhəti tibb işçilərinin nəzarətində olmuş, zərurət olduqda ona tibbi yardım göstərilmişdir.

Nəzərinizə çatdırılır ki, V.Məmmədov 23.07.2026-cı il tarixindən 08.08.2026-cı il tarixədək müalicə müəssisəsinə köçürülərək klinik, laborator və instrumental müayinələrə cəlb edilmiş, ixtisaslı mütəxəsislər tərəfindən konsultasiya olunmuş, nəticədə stasionar müalicəyə cəlb edilmiş, vəziyyəti yaxşılaşdıqdan sonra ambulator təyinat və məsləhət verilərək təcridxanaya hakim nəzarətinə yazılmışdır.

Hazırda V. Məmmədovun səhhəti həkim nəzarətindədir, tibbi xidmət ona əlçatandır”.

Əlbəttə, bunlar sadəcə rəsmi cavabdır. Realliq isə tamamilə fərqlidir. Fakt odur ki, Vüqar Məmmədov təcili olaraq əməliyyat olunmalıdır. Bunu biz yox, onu müayinə edən həkimlər deyir. Səhhəti o dərəcə də ağırdır ki, hakim belə, məhkəmə prosesini təxirə salır. Sonuncu məhkəmə isə səhhətinin düzəlməsi səbəbindən prosesə 3 ay ara verdi.

Məlumat üçün onu da qeyd edim ki, 28 sentyabr 2026-cı ildə “Hürriyyət” qəzetinin başr direktoru, Vüqar Məmmədovun qardaşı olaraq Tibbi Baş İdarəsində qəbulda oldum. Məni şöbə inspektoru olan xanım qəbul etdi. O, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasının kuratoru ilə danışdı. Nəticə isə dəyişməzdir...

Deyirlər ki, Vüqar Məmmədovun müalicəsi mərhələli şəkildə həyata keçirilməlidir. Xəstə öləndən sonra mərhələ gəlib çatacaq? Biz öz vəsaitimiz hesabına əməliyyatı etdirmək istəyirik, rəsmi qurumlar isə adamı ölümə tərk edirlər...

Üstəlik, dövlətin ayırdığı vəsaiti də dustağa qıymırlar. Aylardır müraciət edirik, xeyri olmur. Bizim müraciətlərimiz qulaqardına vurlur. Yalandan bizə rəsmi olaraq yazırlar ki, “tibbi xidmət əlçatandır”. Bu söz qulağa yaxşı gəlir, göz isə olanları, tamamilə fərqli mənzərəni görür.

Bir daha vurğulamaq istəyirəm ki, bu cür yollarla Vüqar Məmmədovu ölümə tərk edirlər. Onun səhhətində olan problemləri tək biz, ya həkimlər demir, məhkəmə prosesləri zamanı hakimlər də bunu açıq şəkildə dilə gətiriblər. “Biz səni belə yola salmamışdıq”, deyə. Bu səbəbdən, 2 dəfə Tibb Baş İdarəsinə də müraciət ediblər.

Bir müddət öncə Prezidentimizin köməkçisi cənab Hikmət Hacıyev vətəndaşlara müraciət etdi. Dedi ki, hər hansı probleminiz olsa Tik-Tok sosial şəbəkənizə çıxmadan bizə müraciət edin, bu problemləri həll edək. Əslində bu çox gözəl təşəbbüs idi və biz də bir vətəndaş, media nümayəndəsi olaraq vəziyyətin bu istiqamətdə getməsinin tərəfdarıyıq. Çox gözəl olardı, həm vətəndaşların problemləri həll olunar, həm də dövlət qurumlarının nüfuzuna zərbə dəyməzdi…

Amma çox təəssüf ki, bu cür videoların çəkilməsinin səbəbkarı olan məmurlar buna icazə vermir. Prezident Administrasiyası şikayətləri yönləndirir, tapşırır ki, həll et, Baş Tibb İdarəsinin rəhbəri Çingiz Əlləzov qərəzli şəkildə problem daha da dərinləşdirir.

Dustağın səhhəti, ağrıları bəzi məmurlar üçün heç bir əhəmiyyə daşımır. Vüqar Məmmədovu məqsədli şəkildə yox etmək istəyirlər.

Bu səbəbdən də sosial şəbəkələrdə paylaşmağa məburuq ki, bəlkə həqiqət ölkə rəhbərliyinə çatsın, bilsinlər ki, müəyyən qurumlar vətəndaşları necə incidir…

Cəsur MƏMMƏDOV

Baş direktor