📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VÜQAR MƏMMƏDOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ – Şahid heç bir halda baş redaktorun onun təhdid və şantaj etmədiyini açıqladı

2026-11-19 13:06:29

VÜQAR MƏMMƏDOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ – Şahid heç bir halda baş redaktorun onun təhdid və şantaj etmədiyini açıqladı

Dünən, 18 noyabr  tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirildi. Hurriyyet.net xəbər verir ki, hakim Emin Rüstəmovun sədrliyi ilə baş tutan məhkəmə iclası bu dəfə də təyin olunduğu vaxtdan təxminən 2 saat gec başladı.

Bir saata yaxın davam edən məhkəmə iclasında şahid ifadəsi dinlənildi. Bu dəfə “Veysəloğlu” şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Qəribli Məhəmmədəli Qərib oğlu şahid qisminə ifadə verdi. O, ilk olaraq sərbəst çıxış edərək bildirdi ki, “Hürriyyət” qəzetinin rəhbəri Vüqar Məmmədovu həmkar və yerli olaraq uzun illərdir tanıyır, aralarında yaxın münasibət olub. Onun sözlərinə görə, 2024-cü ilin sonunda “Veysəloğlu”da işə başladıqdan sonra rəhbərlik tərəfindən ona “Hürriyyət” qəzetinə məxsus Hurriyyet.az saytında şirkətin sahibi Aydın Talıbovla bağlı yanlış məlumat dərc olunduğu haqda məluma verilib. Həmin yazıda A.Talıbovun Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qohumu olduğu və şirkətin müəyyən hissəsinin ikinciyə - V.Talıbova məxsus olduğu qeyd olunub.

M.Qəribli ded ki, şirkət rəhbərliyinin göstərişindən sonra Vüqar Məmmədovla görüşərək həmin yazını saytdan sildirmək niyyətində olub. Bu səbəbdən də baş redaktorun mobil telefonuna zəng açaraq, görüşmək istədiyini deyib. Bundan sonra V.Məmmədov “Hürriyyət” qəzetinin yerləşdiyi ünvanın konumunu onun mobil telefonuna göndərərək,  istədiyi vaxt görüşə hazır olduğunu bildirib. Dediyinə görə, elə həmin gün “Hürriyyət” qəzetinin redaksiyasına gələrək V. Məmmədovla görüşüb və ona Hurriyyet.az saytında “Veysəloğlu” şirkətinin rəhbəri Aydın Talıbovla bağlı yalnış məlumat dərc olunduğunu çatdırıb və Baş redaktordan həmin yazının silinməsini xahiş edib.

Şahid öz ifadəsində vurğuladı ki, Vüqar Məmmədov sözügedən məqalənin “Hürriyyət”ə məxsus olmadığını, yerli saytlardan birinə istinadən dərc edildiyini onun diqqətinə çatdırıb və buna baxmayaraq dərhal silinəcəyini qeyd edib. M.Qəriblinin sözlərinə görə, “Hürriyyət” qəzetinin redaksiyasından ayrılan zaman V.Məmmədov ona Hurriyyet.az saytının kifayət qədər böyük oxucu kütləsinin olduğunu və qarşı tərəf (“Veysəloğlu” şirkəti-müəl.) maraqlı olarsa, reklam müqaviləsi bağlaya biləcəklərini qeyd edib. Şahid əlav etdi ki, baş redaktorun bu təklifini şirkət rəhbərliyinə çatdırıb və onların razılığı ilə ayda 200 manat ödənilməsi qarşılığında Hurriyyet.az saytında “Veysəloğlu” şirkətinin reklam materiallarının dərci ilə bağlı müqavilə imzalanıb.

Şahid onu da xüsusi olaraq vurğuladı ki, Vüqar Məmmədovla görüşdə ondan şantaj-təhdid xarakterli hər hansı fikir eşitməyib, əksinə, aralarında çox səmimi söhbət olub.

Daha sonra söz alan Vüqar Məmmədov bildirdi ki, həqiqətən də Məhəmmədəli Qəribli ilə sözügedən görüşdən öncə tanışlığı olub. Dediyinə görə, hətta M.Qəribli “Veysəloğlu” şirkətinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunduqdan qısa müddət sonra ona zəng edərək bu haqda məlumat verib. “Mən bunları başa salmışam ki, mətbuatla işləmək lazımdır. Ümumi olaraq razılıq var. Təbii ki, “Hürriyyət” qəzeti ilə də müqavilə bağlayacağıq”, - deyə qarşı tərəf əlavə edib.

Vüqar Məmmədov vurğuladı ki, M.Qəribli ilə aralarındakı görüş zamanı da məhz reklam müqaviləsinin şərtləri müzakirə olunub. Qarşı tərəf bildirib ki, hələlik ödəniş aşağı olsa da (200 AZN – müəl.) “Veysəloğlu” şirkətində yerini bir qədər möhkəmləndirdikdən sonra reklam qarşılığında Hurriyyet.az saytına ayrılan vəsaitin artırılmasına çalışacaq. Baş redaktorun sözlərinə görə, bir həmkar kimi M.Qəribli aralarında yaxın münasibət olduğundan, ayda cəmi 200 manat ödənilməsi qarşılığında 1 illik reklam müqaviləsinin bağlanılmasına razılıq verib. Bu razılaşmaqdan sonra Məhəmmədəli Qəribli Hurriyyet.az saytında “Veysəloğlu” şirkətinin rəhbəri Aydın Talıbovla bağlı məlumat dərc olunduğunu bildirib və onun silinməsini xahiş edib. “Məhəmmədəli Qəribli dedi ki, bu yazının silinməsi mənim şürkətdə mövqelərimi daha da gücləndirər və gələcəkdə əməkdaşlığımızı bir qədər də genişləndirə bilərik”, - deyə V. Məmmədov əlavə etdi. O da məhz aralarındakı münasibətin xatirinə həmin yazının silinməsinə göstəriş verib.

Bundan sonra dövlət ittihamçısı Orxan Kəngərli M.Qəribliyə istintaq müddətində verdiyi ifadəni xatırladaraq, ötən prosesdə olduğu kimi,  yenə də yönləndirici suallarla şahidi çaşdırmağa çalışdı. Lakin baş redaktorun vəkili Rövşanə Rəhimovanın müdaxiləsindən sonra hakim dövlət  ittihamçının sualının çıxarıldığını bildirdi.

Beləliklə, bu prosesdə də hər hansı qərar qəbul olunmadı. Buna səbəb “Veysəloğlu” şirkətinin nümayəndəsinin məhkəmə iclasına qatılmaması idi. Odur ki, proses növbəti dəfə təxirə salındı və hakim Emin Rüstəmov Vüqar Məmmədovun məhkəməsinin dekabrın 9-da yekunlaşdırılacağını elan etdi.

Jalə FAMİLQIZI

Hurriyyet.net