Vüqar Məmmədovun vəkili Ədliyyə nazirinə müraciət etdi
"Hürriyyət" qəzetinin və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun vəkili Rövşanə Rəhimova Ədliyyə naziri Fərid Əhmədova müraciət edib. Hurriyyet.media həmin müraciəti olduğu kimi dərc edir:
"Cənab Nazir!
Hüquqlarını müdafiə etdiyim Məmmədov Vüqar Tofiq oğlunun ("Hürriyyət.az" saytının baş redaktoru) bu günə - 03 avqust tarixinə təyin olunmuş məhkəmə iclası növbəti dəfə təxirə salındı. İclasın təxirə salınma səbəbi Vüqar Məmmədovun səhhətində ciddi ağırlaşmaların baş verməsidir.
Vüqar Məmmədov hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. Onun səhhətinin son vəziyyəti, müalicələrin nəticəsi, diaqnozu və s. barədə Tibb Baş İdarəsinə və PX-nin Müalicə Müəssisəsinə verdiyimiz sorğulara cavab verilmir.
Vəkil sorğusundan əlavə, məhkəmə də bununla bağlı adı çəkilən qurumlara məktub ünvanlayıb. Lakin hələ də heç bir qurumdan məlumat əldə edə bilməmişik.
Vüqar Məmmədovun xüsusi mühafizə müşayiəti altında ixtisaslaşmış dövlət və ya özəl tibb müəssisəsinə yerləşdirilərək stasionar müalicə almasını zəruri hesab edirik.
Bununla bağlı Sizdən xahiş edirəm ki, Vüqar Məmmədovun səhhəti ilə bağlı məsələni diqqətdə saxlayın və adı çəkilən qurumlardan sorğulara cavab verilməsinin təmin edilməsi istiqamətində köməklik göstərin".
Hurriyyet.media