📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın rolu böyükdür

2026-11-12 18:35:07

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın rolu böyükdür

Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi və cəmiyyət arasında geniş təbliği istiqamətində medianın rolu xüsusi əhəmiyyət daşıyır.

Hurriyyet.net  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycançılıq ideologiyası dövlətin milli maraqlarının, müstəqilliyinin və cəmiyyətin birliyinin qorunmasında mühüm amillərdən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında bu ideologiyanın həm ölkə daxilində, həm də xaricdən qaynaqlanan təhdidlərin qarşısının alınmasındakı əhəmiyyətini xüsusi vurğulayıb.

V.Rəhimzadə qeyd edib ki, müasir dövrün tələbləri hər bir vətəndaşdan öz fəaliyyətini milli maraqlar və dövlətçilik prinsipləri əsasında qurmağı tələb edir. O bildirib ki, azərbaycançılıq ideyasına sadiqlik yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir.

Deputatın fikrincə, müasir müharibələr təkcə fiziki sərhədlərdə deyil, eyni zamanda ideoloji müstəvidə də aparılır. Buna görə də milli ideologiyanın qorunması, informasiya və ideoloji təhdidlərə qarşı mübarizə hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır.

Vüqar Rəhimzadə Azərbaycanın beynəlxalq münasibətlər sistemində həyata keçirdiyi müstəqil xarici siyasətə də toxunub. O vurğulayıb ki, dünyada çoxsaylı münaqişələrin davam etdiyi bir şəraitdə ölkədə sabitliyin və təhlükəsizliyin qorunması böyük əhəmiyyət kəsb edir.

Deputat əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı dövlətçiliyin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin yaşadılmasına, cəmiyyətdə həmrəyliyin və ictimai sabitliyin qorunmasına öz töhfəsini verməlidir.