VÜQAR TOFİQOĞLUNUN MƏHKƏMƏSİ KEÇİRİLDİ - Baş redaktor ev həbsinə buraxılmadı
Bugün, avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və “Hurriyyet” TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirilib.
Hurriyyet.media xəbər verir ki, prosesdə iddiaçı tərəf olan “Azərsun” və “Azərlotereya” şirkətlərinin nümayəndələri ifadə verib. Onlar istintaqa verdiyi ifadələri təsdiq edərək, həmin fikirlərin üstündə durduqlarını bildirib.
Məhkəmə zamanı Vüqar Tofiqoğlunun vəkili Rövşanə Rəhimova 3 vəsatət qaldırıb Bunlar baş redaktorun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması, müəyyən məsələlərlə bağlı övladına etibarnamə verilməsi üçün Bakı İstintaq Tədricxanasına notariusun dəvət olunması, məhkəmə prosesinin media nümayəndələri tərəfindən lentə alınması olub.
Qeyd edək ki, sözügedən vəsatətlərlə bağlı müşavirə otağına yollanan məhkəmə heyəti qayıtdıqdan sonra hər 3 vəsatətin qəbul olunmadığını elan edib.
Məhkəmə iclasının yekununda növbəti prosesin 10 oktyabr saat 10:00-a təyin olunduğu açıqlanıb.
Hurriyyet.media