📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VÜQAR TOFİQOĞLUNUN MÜALİCƏSİ YARIMÇIQ SAXLANILDI – Baş redaktor yenidən Kürdəxanıya göçürülüb

2026-08-08 19:39:41

VÜQAR TOFİQOĞLUNUN MÜALİCƏSİ YARIMÇIQ SAXLANILDI – Baş redaktor yenidən Kürdəxanıya göçürülüb

"Hürriyyət" qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun səhhətində ciddi problem yarandığı haqda oxucularımıza məlumat vermişdik. Onu da qeyd etmişdik ki, çoxsaylı müraciətlərdən sonra baş redaktor, nəhayət, ötən ayın son günlərində Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü.

Hurriyyet.media xəbər verir ki, ilk günlər V.Məmmədova heç bir tibbi yardım göstərilməsə də, avqustun 3-də keçirilən məhkəmə prosesindən sonra baş redaktorun müalicəsinə başlanılmışdı. Çünki onun sağlıq durumu kritik olduğundan məhkəmədə ifadə verə bilməmiş və bu səbəbdən proses təxirə salınmışdı. Üstəlik, məhkəmə zamanı “ötən dəfə biz səni belə yola salmamışdıq”, - deyə hakimlər də açıq-aşkar Vüqar Məmmədova tibbi yardım olunmamasına etiraz etmişdilər.

Məhkəmədən sonra baş redaktorun müalicəsi başlasa da, bu gün səhər o, yenidən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Halbuki Penitensiar Xidmətin Müalicə Müəssisəsində V.Məmmədovu müayinə edən həkimlər onun “anju” (angioqrafiya) olunması və təcili əməliyyata götürülməsi ilə bağlı rəy veriblər.  

Maraqlıdır ki, Müalicə Müəssisəsinin rəhbərliyi baş redaktorun müalicəsinin yarımçıq saxlanılaraq yenidən Kürdəxanıya köçürülməsinin onların deyil, “yuxarı”nın qərarı olduğunu bildiriblər.

Xatıladaq ki, avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Məmmədovun məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Belə ki, onun səhhətində yaranan problemləri nəzərə alan məhkəmə heyəti prosesin təxirə salınması barədə qərar qəbul edib. Bildirilib ki, buna səbəb təqsirləndirilən şəxsin səhhətinin məhkəmə prosesində iştirak etməyə imkan verməməsi olub.

İclasın sonunda növbəti məhkəmə iclasının avqustun 12-də saat 14:00-da keçiriləcəyi elan olunub.

Hakimlər onu da qeyd ediblər ki, baş redaktorun sağlıq durumu ilə bağlı Baş Tibb İdarəsinə sorğu göndərilib. Onların sözlərinə görə, sorğuda V.Məmmədovun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, zərurət yarandığı halda isə özəl tibb müəssisəsində müayinədən keçirilməsi məsələsi də qaldırılıb.

Vüqar Məmədovun müalicəsinin yarımçıq saxlanılaraq yenidən təcridxanaya göndərilməsi onu deməyə əsas verir ki, kimlərsə baş redaktorun özəl tibb müəssisəsinə köçürülməsində maraqlı deyil.

Mövzunu davam etdirəcəyik.

Jalə FAMİLQIZI

Hurriyyet.media