📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüqar Tofiqoğlunun səhhəti günbəgün pisləşir - MƏHKƏMƏ PROSESİ YENİDƏN TƏXİRƏ SALINDI

2026-08-03 18:32:40

Vüqar Tofiqoğlunun səhhəti günbəgün pisləşir - MƏHKƏMƏ PROSESİ YENİDƏN TƏXİRƏ SALINDI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirilib. 
Hurriyyet.media xəbər verir ki, məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. 

İclasın sonunda növbəti məhkəmə iclasının avqustun 12-də saat 14:00-da keçiriləcəyi elan olunub.
Qeyd edək ki, Vüqar Tofiqoğlunun səhhətində yaranan problemləri nəzərə alan məhkəmə heyəti prosesin təxirə salınması barədə qərar qəbul edib. Bildirilib ki, buna səbəb təqsirləndirilən şəxsin səhhətinin məhkəmə prosesində iştirak etməyə imkan verməməsi olub.

Hakimlər qeyd ediblər ki, məsələ ilə bağlı Penitensiar Xidmətin Baş Tibb İdarəsinə sorğu göndərilib. Onların sözlərinə görə, sorğuda Vüqar Tofiqoğlunun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, zərurət yarandığı halda isə özəl tibb müəssisəsində müayinədən keçirilməsi məsələsi də qaldırılıb. Lakin indiyədək həmin sorğuya cavab verilməyib.
Vüqar Məmmədovun vəkili Rövşanə Rəhimova da proses zamanı bildirib ki, bir həftədən artıqdır Baş Tibb İdarəsinə müvafiq sorğular göndərilib. Onun sözlərinə görə, cavabın verilməsi qeyri-müəyyən səbəblərlə ləngidilir və Vüqar Tofiqoğlunun sağlamlıq vəziyyəti lazımi səviyyədə nəzərə alınmır.
Hurriyyet.media sabah məsələ ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə çalışacaq.
Jalə FAMİLQIZI
Hurriyyet.media