Xaçmazda yanğına görə bağlanan yol açılıb
Xaçmazdakı yanğın səbəbindən bağlanan yol açılıb.
Avtomobillərin Xaçmaz-Xudat və əks istiqamətdə gediş-gəlişi bərpa olunub.
Qeyd edək ki, Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğınla bağlı Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. \\Report
18:37
Xaçmaz rayonunda yanğın baş verən ərazidəki mülki şəxslər təxliyə edilib və bütün mülki obyektlər yanğından mühafizə edilib.
Bu sözləri FHN-nin Şimal Regional Mərkəzin baş zabiti Ramil Güliyev bildirib.
O, qeyd edib ki, hazırda yanğının söndürmə işləri davam etdirilir.
Yanğın olan əraziyə FHN-nin Şimal Regional Mərkəzinin, Xaçmaz rayon İcra Hakimiyyətnin və Xaçmaz rayon Polis Şöbəsinin şəxsi heyəti və canlı qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.\\Report
18:00
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.\\Report
17:21
Xaçmaz rayonunda yanğın nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik xətti qırılıb.
Nəticədə Xaçmaz şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.\\Report
16:35
Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.
Buna səbəb Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.
Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.
Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.
Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub. \\Report
16:05
Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.
Yanğın Xaçmaz-Xudat yolunun Müzəffəroba kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.\\Report






