Xalqın rahatlığı naminə, yoxsa xalqın cibinin hesabına?
Bu gündən etibarən “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb. Bu layihə çərçivəsində metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. Bildirilir ki, layihənin məqsədi gələcəkdə metro sərnişinlərinin rahatlığını təmin etməkdir.
İnkişaf, yenilənmə və gələcək üçün həyata keçirilən layihələr, əlbəttə, vacibdir. Lakin hər bir inkişaf layihəsinin əsas məqsədi insanlara əlavə yük yaratmaq yox, onların həyatını asanlaşdırmaq olmalıdır. Bu gün isə vəziyyət bir qədər fərqli görünür.
Metropolitenin mətbuat xidməti tərəfindən ekspress avtobusların istifadəyə verildiyi açıqlanıb. Bəs bu avtobuslardan istifadə edən vətəndaşların əlavə nəqliyyat xərcləri necə olacaq? Aylıq əməkhaqqını güclə ayın sonuna çatdıran insanlar gündəlik gediş-gəliş üçün əvvəlkindən 2-3 dəfə, bəzi hallarda isə daha çox pul ödəməli olacaqlarsa, bu yükü kim qarşılayacaq?
Gündəlik cəmi 1 manat 20 qəpik yol xərci olan bir insanın nəqliyyat xərclərinin birdən-birə artması ailə büdcəsi üçün kiçik məsələ deyil. Xüsusilə 400, 500, 600 və ya 700 manat əməkhaqqı alan insanlar üçün ay ərzində 100-150 manat və ya daha çox vəsaitin yalnız yola sərf olunması nə dərəcədə normal hesab edilə bilər?
Vətəndaşlara “avtobuslardan istifadə edin” demək asandır. Amma hər istiqamətə birbaşa avtobus varmı? İnsan bir nəqliyyat vasitəsindən düşüb digərinə minməli, əlavə ödəniş etməli, yolunu uzatmalı və nəticədə həm daha çox pul, həm də daha çox vaxt itirməli olursa, burada söhbət hansı rahatlıqdan gedir?
Yaşlı insanlar, məktəblilər, tələbələr, xəstələr və hər gün işə gedib-gəlmək məcburiyyətində olan minlərlə vətəndaş bu dəyişikliklərdən daha çox təsirlənə bilər. Təbii ki, cavab hazırdır: “Bu layihə əhalinin gələcəyi və rahatlığı üçün həyata keçirilir.”
Bəli, bəlkə də gələcəkdə bu layihənin müəyyən müsbət nəticələri olacaq. Amma gələcəyə gedən yolda bu gün yaşayan insanların üzərinə düşən yük də nəzərə alınmalıdır. İnsanlardan daim səbir etmək, əlavə xərc çəkmək, daha çox vaxt itirmək və bütün bunlara “inkişaf naminə” dözmək tələb olunmamalıdır.
Əməkhaqqı artmır. Artsa belə, bazarlarda və mağazalarda qiymət artımı həmin artımı çox zaman hiss etdirmir. Belə bir şəraitdə nəqliyyat xərclərinin dəfələrlə artırılması aztəminatlı və orta gəlirli ailələr üçün ciddi maliyyə problemi yaradır.
Bəs niyə heç olmasa bu keçid dövründə vətəndaşların yükünü azaltmaq üçün müəyyən güzəştlər tətbiq olunmur? Niyə bəzi ekspress avtobus marşrutlarında ödənişsiz və ya güzəştli gediş imkanları yaradılmır? Niyə layihənin yaratdığı əlavə maliyyə yükünün müəyyən hissəsini vətəndaş yox, sistemi idarə edən qurumlar öz üzərinə götürməsin?
"Həzi Aslanov" metro stansiyası ilə bağlı problemlər də uzun müddətdir davam edir. Vətəndaşlar illərdir müxtəlif çətinliklərlə üzləşirlər. İndi isə “28 May” və “Nizami” stansiyaları arasında hərəkətin dayandırılması əlavə narahatlıq və xərc yaradır.
Əlbəttə, nəqliyyat sisteminin inkişafına ehtiyac var. Əlbəttə, metroda xətlərin ayrılması kimi layihələr müəyyən mərhələdə həyata keçirilməlidir. Amma inkişafın ölçüsü yalnız tikilən obyektlərin, çəkilən xətlərin və həyata keçirilən layihələrin sayı ilə müəyyən edilməməlidir. İnkişafın əsas göstəricilərindən biri də həmin layihələrin vətəndaşın həyatına necə təsir etməsidir.
İnsan öz maaşının böyük hissəsini yola xərcləyirsə, işə gedib-gəlmək üçün saatlarla vaxt itirirsə, yaşlı insan bir neçə dəfə nəqliyyat dəyişməli olursa, tələbə əlavə gediş haqqı ödəyirsə, xəstə insan mənzilindən xəstəxanaya çatmaq üçün bir neçə nəqliyyat vasitəsindən istifadə etməyə məcbur qalırsa, burada “xalqın rahatlığı” ifadəsinin yenidən düşünülməsinə ehtiyac var.
Xalq inkişafın əleyhinə deyil. İnsanlar müasir, rahat və təhlükəsiz nəqliyyat sistemi istəyirlər. Amma xalqın rahatlığı adı altında bu günün vətəndaşının cibinə əlavə yük qoyulması da qəbulolunan olmamalıdır.
Layihələr insan üçün həyata keçirilməlidir. İnsan layihələrə uyğunlaşmağa və onun yaratdığı bütün çətinliklərin yükünü daşımağa məcbur edilməməlidir.
Çünki xalqın cibindəki pul da, vaxtı da, səbrinin də bir həddi var. Bəzi qurumların bu addımlar xalq arasında ancaq narazılıq yaradır. Sanki məqsədlidir.
Ən vacib məqamlardan biri də yaranacaq sıxlıq problemidir. İnsanlar maddi çətinliklərlə yanaşı, ictimai nəqliyyatda həddindən artıq sıxlıqla üz-üzə qalacaqlar. Bir-birinə sürtünərək, bəzən nəfəs almağa belə çətinlik çəkərək avtobusa minmək məcburiyyətində qalan sərnişinlərin sayı daha da artacaq. Nəzərə almaq lazımdır ki, iş yerlərinin, məktəblərin və universitetlərin başlanma saatları, demək olar ki, eyni vaxta təsadüf edir. Bu isə xüsusilə səhər və axşam pik saatlarında avtobuslarda onsuz da mövcud olan sıxlığın daha da artmasına səbəb olacaq. Belə bir vəziyyətdə sərnişinlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaranır. Həddindən artıq sıxlıq cibgirlik və digər oğurluq hallarının, dələduzluğun, sərnişinlərin narahat edilməsi və təqib olunması kimi halların artması üçün əlverişli şərait yaradacaq. Qadınların və digər həssas qrupların şəxsi təhlükəsizliyi baxımından da əlavə risklər ortaya çıxaracaq. Bəs bu risklər əvvəlcədən hesablanıbmı? Metropoliten rəhbərliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu layihənin həyata keçirilməsi zamanı sərnişinlərin təhlükəsizliyi, rahatlığı və şəxsi toxunulmazlığının qorunması məsələlərini kifayət qədər nəzərə alıbmı?
Söhbət yalnız nəqliyyatın təşkilindən getmir. Söhbət hər gün bu nəqliyyatdan istifadə edən yüz minlərlə insanın təhlükəsizliyindən, vaxtından, cibindən və əsəblərindən gedir.
Məhz buna görə, əziz həmkarlarım, bu məsələyə biganə yanaşmamalıyıq. “Mənə nə?” deyib kənara çəkilmək olmaz. Bu problem hər birimizin problemidir.
Hesab edirəm ki, bu məsələdə həmrəyliyimizi göstərməli və Azərbaycan Respublikasının Prezidentinə müraciətlərin sayını artırmalıyıq. Məqsəd kiminsə gördüyü işə mane olmaq deyil. Məqsəd layihələrin həyata keçirilməsi zamanı vətəndaşların maddi vəziyyətinin, təhlükəsizliyinin və gündəlik həyatının da nəzərə alınmasını tələb etməkdir. Xalqın rahatlığı üçün həyata keçirildiyi bildirilən hər bir layihə, ilk növbədə, xalqın özünün rahatlığını, təhlükəsizliyini və rifahını təmin etməlidir. Bu məsələdə susmaq yox, vətəndaş mövqeyimizi ortaya qoymaq lazımdır.
Jalə FAMİLQIZI