XAMENEİ “VURUN” ƏMRİ VERDİ - İran raketləri Avropaya çatacaqmı?
ABŞ və İran arasında yeni müharibə dalğasının başlanacağına dair gözləntilər fonunda Avropaya hücum ssenarisi gündəmə gəlib. İran rəsmiləri, eləcə də təbliğat resursları növbəti hərbi toqquşmada “Köhnə Qitə”nin raket zərbəsinə məruz qalacağı ilə bağlı təhdidlər irəli sürürlər.
Avropa İranın nüvə proqramına qarşı çıxsa da, müharibədə ABŞ-yə sona qədər dəstək verməyib. Bu gün də avropalı rəsmilər problemin danışıqlar yolu ilə həll edilməsi çağırışlarını edirlər. Buna baxmayaraq, İranın Avropanı niyə hədəfə aldığı və irəli sürdüyü təhdidlərin nə qədər real olduğu maraq doğurur.
İranın Avropanı vura biləcəyi haqda iddialar hələ avqust ayında gündəmə gəlmişdi. “Financial Times” qəzeti İrandakı mənbələrə istinadən yazırdı ki, müharibənin yenidən genişlənəcəyi təqdirdə, İran ABŞ-ın Avropadakı bazalarına – Kipr və Bolqarıstandakı obyektlərinə zərbə endirməyi düşünür.
Qeyri-rəsmi formada gündəmə gələn bu məsələ Tehranın “strateji çəkindirmə” ritorikası kimi görünürdü. Çünki müharibə zamanı İranın Yaxın Şərqdəki ABŞ-a məxsus bazaları, eləcə də körfəz ölkələrini hədəfə alan “çəkindirmə taktikası”nın kifayət qədər effektiv olduğunu demək çətindir. Bu baxımdan, Avropanın da hədəf siyahısına daxil edilməsi Tehranın ABŞ-a müttəfiqləri üzərindən “cəbhə” açması kimi qiymətləndirilə bilər. Lakin daha öncə qeyri-rəsmi formada gündəmə gələn Avropaya hücum məsələsi o qədər ciddi görünməsə də, hazırda bu, İran rəhbərliyi tərəfindən açıq şəkildə dilə gətirilir. Və əsas məqsədin məhz “müharibə coğrafiyası”nın genişləndirilməsi olduğu gizlədilmir.
Müctəba Xameneinin əmri
Oktyabrın sonunda İranın ali dini lideri Müctəba Xamenei tərəfindən açıqlanan cavab addımlarında “coğrafi məhdudiyyəti aradan qaldırdığı” barədə məlumatlar yayılıb. Məlumata görə, hərbi rəhbərliklə görüş keçirən dini lider komandirlərə istənilən təhdidə qarşı “coğrafi məhdudiyyət olmadan” cavab vermək, həmçinin “hədəf bankı”nı genişləndirmək tapşırığı verib.

Bu görüş haqda məlumatın yayılmasından sonra İran Ordusunun sözçüsü Məhəmməd Əkrəmniya bəyan edib ki, yeni müharibə başlayacağı təqdirdə, “İranın hücumları Yaxın Şərqlə məhdudlaşmayacaq”. O qeyd edib ki, ABŞ-ın istənilən nöqtədə əlçatan olan obyektləri və qüvvələri mümkün hədəf siyahısına daxil edilib.
SEPAH isə dini liderin göstəriş və əmrlərini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Noyabrın 3-də yayılan bəyanatda bildirilir ki, döyüş hazırlığının artırılması, hədəf bankının yenilənməsi və coğrafi məhdudiyyət olmadan istənilən təhdidə dərhal cavab verilməsi əsas vəzifələr sırasındadır.
“Amerika-sionist düşərgəsinə, onun regional və regiondan kənar tərəfdaşlarına dünyanın istənilən nöqtəsində zərbə vurmağa hazırıq”, – SEPAH bəyan edib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Abdullahi də məsələ ilə bağlı açıqlamasında bildirib ki, təhdidlərə cavab zamanı coğrafi məhdudiyyət olmayacaq: “Bütün kəşfiyyat imkanlarımızdan istifadə edərək, düşmənin hərəkətlərini və hazırlıqlarını izləyir, hədəf bankını yeniləyirik”.
İranın hərbi rəsmilərinin açıqlamalarında təhdidlərə qarşı atılacaq addımlar “maksimum çəkindirmə” adlandırılır. Bu, Avropaya hücum təhdidlərinin ABŞ-la müharibədə “strateji çəkindirmə” planından qaynaqlandığı deməkdir. Lakin bu açıqlamalarda birbaşa Avropanın adı çəkilmir.
Avropaya hücum necə gündəmə gəldi?
İranın hərbi rəsmilərindən fərqli olaraq, siyasi rəsmiləri “Köhnə Qitə”yə hücum təhdidlərini açıq şəkildə dilə gətirirlər.
Oktyabrın 30-da İran müharibəsinin Avropada yaratdığı enerji böhranından şikayətlənən Almaniya kansleri Fridrix Merts bildirib ki, buna görə 100 milyard avrodan çox əlavə vəsait xərcləyiblər.

Bir gün sonra İranın xarici işlər naziri Abbas Əraqçı “X” sosial şəbəkə hesabında yazıb: “100 milyard avro İranın güclü silahlı qüvvələrinin xalqımıza zərər vurmağa cəsarət edənlərə endirəcəyi ağır zərbə ilə müqayisədə heç nədir”.
İranın ali dini rəhbərinin müşaviri Məhəmməd Moxber isə bildirib ki, Avropa “öz əkdiyini özü biçir”.
“Avropa Trampın İrana qarşı meydan suladığı günlərdə NATO ilə əməkdaşlıq çərçivəsində verdiyi dəstəklə bu gün üzləşdiyi iqtisadi fırtına və sosial böhrana zəmin yaratdı”, – deyən Moxber Avropada etirazların səbəbinin İrana qarşı müharibə olduğunu iddia edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi də müharibənin Avropaya vurduğu iqtisadi zərərdən danışıb. O, Avropada, ümumilikdə isə dünyada yaranmış iqtisadi çətinliklərin İranın qələbəsi olduğunu iddia edib.
Buna paralel olaraq, İranın təbliğat resursları və deputatları Avropaya zərbələrin endiriləcəyi ssenarilərini gündəmə gətiriblər.
Avropa ölkələrində ABŞ-a məxsus hərbi bazaların xəritəsini dərc edən “Həmşəhri” qəzeti yeni müharibə başlayacağı təqdirdə bu obyektlərin İranın hədəfi olacağını yazıb. Nəşr iddia edib ki, İranın Şərqi Avropa ölkələrinə çatacaq raketləri əvvəlcədən sınaqdan keçirilib.
“Keyhan” qəzeti yazıb ki, müharibə yenidən başlayarsa, ABŞ və NATO-nun Böyük Britaniya, İtaliya, Yunanıstan, Rumıniya və Kiprdəki hərbi bazaları hədəfə çevriləcək.

İran parlamentinin deputatı Kamran Qəzənfəri isə İngiltərə, Fransa və Almaniyanı müharibədə ABŞ-ı dəstəkləməkdə ittiham edib, bu ölkələrin hədəfə alınmasını qanuni adlandırıb. Digər deputat Məhəmməd Saleh Cokar İranın Avropanı hədəfə almaq imkanına malik raketləri sınaqdan keçirdiyini və qitədəki ABŞ bazalarının vurulacağını bildirib. Avropaya zərbələrin endiriləcəyi fikirləri müxtəlif deputatların dilindən səsləndirilib.
İran Xarici İşlər Nazirliyinin noyabrın 1-də Milli Təhlükəsizlik Ali Şurasının qərarına istinadən Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətini (Mİ6) “düşmən qrup”, Kral Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini isə “terror təşkilatı” elan etməsi bu kontekstdə diqqətdən yayınmır. İran bu qərarını iki səbəblə əlaqələndirir:
- Böyük Britaniyanın ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak etdiyi iddiasını irəli sürür;
- İyul ayında Böyük Britaniyanın SEPAH-ı terror təşkilatları siyahısına daxil etməsinə cavab kimi təqdim edir;
İranın bununla Avropaya mümkün hərbi zərbələrə zəmin yaratdığı ehtimalları da var. Çünki ABŞ yenidən genişmiqyaslı hücumlara başlayacaqsa, Avropadakı bazalara, hava məkanına və logistik dəstəyə ehtiyacı var. İran bu ssenariyə hazırlaşır. Lakin Avropaya zərbə endirməsi son seçimlər arasındadır. Hazırda irəli sürülən təhdidlərin iki məqsədə hesablandığı görünür.
Birincisi, ABŞ-ı Avropaya zərbə vurmaqla təhdid edərək “strateji çəkindirmə” imkanlarını gücləndirir.
İkincisi, Avropanı öz təhlükəsizliyi və ABŞ-a dəstək seçimi arasında qoyur: bununla “Köhnə Qitə”ni İrana hücum planından kənarlaşdıra biləcəyini hesablayır.
İranın Avropanı vurmaq potensialı varmı?
Son seçimin qaçılmaz olacağı təqdirdə, bu sual aktuallaşır: İranın təhdidləri nə qədər realdır, Avropaya zərbə endirməyə imkan verən raketləri varmı?
SEPAH bu yaxınlarda raketlərin mənzili ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını elan edib. Keşikçilər Korpusunun sözçüsü Hüseyn Möhbi noyabrın 7-də bildirib ki, raketlərin mənzili daim artırılır.
Bu, İranın raket proqramında keçmiş dini lider Əli Xameneinin qoyduğu mənzil məhdudiyyətinin aradan qaldırıldığı, yaxud qaldırılması istiqamətində tədbirlərə başlanıldığı deməkdir. Əli Xamenei ballistik raketlərin mənzilinə 2 min kilometr məhdudiyyət qoymuşdu. Lakin son müharibədən sonra İranda bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb. Məhəmməd Əkrəmniyanın noyabrın 5-də dediyi “Müharibə təcrübəsi İranın raketlərinin mənzilini artırmaq zərurəti yaradıb və bu istiqamətdə işlərə başlanılıb” sözləri də qərarın verildiyinə dəlalət edir.
Lakin İranın bütün Avropanı hədəfə almaq imkanına malik olması hələ də sual altındadır. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) araşdırmasına görə, İranın ballistik raketlərinin əksəriyyətinin mənzili təxminən 2 min kilometr və ya daha azdır. Bu, Avropanın cənub və şərq hissələrini əhatə etsə də, Qərbi Avropaya çatmaq üçün kifayət etmir.
Bunun əksini deyənlər də var. Xüsusilə mart ayında İranın Hind okeanında yerləşən ABŞ və Böyük Britaniyaya məxsus Dieqo Qarsiya hərbi bazası istiqamətində iki ballistik raket buraxması onun Avropanı vurmaq potensialına malik olması ilə bağlı fikirləri gücləndirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) Dieqo Qarsiyaya hücuma istinadən apardığı hesablamalara görə, İranın bəzi raketlərinin mənzili 4 min kilometrə çata bilər.
Bütün bunlar o deməkdir ki, İranın Avropanı vurmaq potensialı sual altında olsa da, bu ehtimal mümkün variant kimi qiymətləndirilməlidir. Bir məsələ isə artıq bəllidir: yeni müharibə başlayarsa, İranın əks-hücum coğrafiyası Yaxın Şərqlə məhdudlaşmayacaq.
Nəriman