"Xameneinin Azərbaycandakı ofisi "5-ci kolon" hazırlayır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"İran Azərbaycanla dövlət sərhədində narkotik qaçaqmalçılığı adı ilə sərhədçilərimizə qarşı silah işlədə bilər"
"İran Naxçıvana Azərbaycanın hərbi nəqliyyat yolunu bağlayıb. Proseslər hər iki ölkənin səfirinin geri çağırılması ilə inkişaf edə bilər. İran Azərbaycana qarşı ciddi təhdidedici addımlar atır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, İran Azərbaycanla dövlət sərhədində narkotik qaçaqmalçılığı adı ilə sərhədçilərimizə qarşı silah işlədə bilər: "Dövlət sərhədinin cənub və cənub-qərb istiqamətində diqqətli olmalıyıq. Azərbaycan tərəfi ilkin olaraq səfiri geri çağırmalı və İranın ali dini rəhbərinin Azərbaycandakı nümayəndəsini ölkədən çıxarmalıdır".
Onun sözlərinə görə, İranın ali dini lideri Ayətullah Xameneinin Azərbaycandakı ofisi "5-ci kolon" hazırlayır: "Həmçinin, ölkəmizdə gəncləri ideoloji olaraq İranyönümlü kimi hazırlayır. Odur ki, İran-Azərbaycan əlaqələri geri dönməz mərhələyə keçib. Siyasi atmosfer Tehran tərəfindən qızışdırılır və İran geosiyasi şərtlərlə barışmır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az