"Xankəndi, Xocavənd, Ağdərə, Xocalı hanı?" deyən marginal qrup mənasızlaşıb tarixdə qaldı" - NATİQ CƏFƏRLİ
"Yaxın 5-10 il üçün işğaldan azad olunan torpaqlarımızın bərpasına, azı 50-60 mlrd. dollar vəsait lazım olacaq, deməli bu vəsaiti qazana, əlavə dəyər yarada bilən rəqabətli iqtisadi modelə, ədalətli idarəetmə sisteminə acil ehtiyacımız var"
"Bu gün İgidlərimizin, Şəhidlərimizin Anım Günüdür, məhz onlar həsrətə son qoydular, qəddimizi dikəltdilər, qürurumuzu özümüzə qaytardılar. Onlar canlarından keçdilər ki, məmləkətimizə, bölgəmizə sülh və rifah gəlsin, balalarımız bundan sonra müharibə, qan-qada görməsinlər, bizim borcumuz onların amallarını, istəklərini həyata keçirməkdir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.
Politoloq bildirib ki, ordumuz üzərinə düşən bütün məsuliyyəti dərk edib öz işini gördü, ərazi bütövlüyümüz tam bərpa olundu: "Dünənə qədər “Xankəndi, Xocavənd, Ağdərə, Xocalı hanı?”, deyən marginal qrup da mənasızlaşıb tarixdə qaldı. İndi sülh və Rrfah dövrü başlamalıdır. Çünki “torpağı qorumursansa əkib-becərməyə, əkib-becərmirsəndə qorumağa dəyməz”, Şəhidlərimiz, Qazilərimiz torpağı qorudu, indi əkib-becərmək zamanıdır".
REAL-ın icra katibinin sözlərinə görə, yaxın 5-10 il üçün işğaldan azad olunan torpaqlarımızın bərpasına, azı 50-60 mlrd. dollar vəsait lazım olacaq: "Deməli, bu vəsaiti qazana, əlavə dəyər yarada bilən rəqabətli iqtisadi modelə, ədalətli idarəetmə sisteminə acil ehtiyacımız var. Məmləkəti ədalətli rifah dövlətinə çevirmək boynumuzun borcudur! Allah Şəhidlərimizə rəhmət eləsin!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az