📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Xankəndidə Azərbaycan bayrağını prezident qaldıracaq" - NAZİM CƏFƏRSOY

2023-10-11 12:11:47

"Hələlik anti-terror əməliyyatı sonrası Xankəndi ətrafında Qərbdə başlayan təbliğatın gücünün və siyasi təzyiqin daha da azalması üçün bir az vaxt lazımdır"

"Xankəndidə Azərbaycan bayrağını prezident qaldıracaq.Yəqin ki, hərbçilərimiz və polislərimiz şəhərin müxtəlif yerlərində artıq bayraq qaldırıblar. Ancaq əsas bayrağı prezident qaldıracaq". Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.

Politoloqun fikrincə, prezident İlham Əliyevin Xankəndinə getməsi üçün əvvəla oranın təhlükəsizliyi Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən tam təmin olunmalıdır: "Baş çəkiləcək yerlər minadan təmizlənməli, varsa ehtimal edilən snayper və sui-qəsd qrupları təsirsiz hala gətirilməlidir. Ayrıca, şəhər ciddi şəkildə təmizlənməli və rəsmi binaların ən azından bir hissəsi səhmana salınmalıdır. Düşünürəm ki, prezident orda bayraq qaldıracaq, Azərbaycan tarixinin ən mühüm çıxışlarından birini edəcək, başda xəstəxana olmaqla, müxtəlif rəsmi idarələrin açılışını edəcək".

Nazim Cəfərsoy qeyd edib ki, bununla yanaşı, anti-terror əməliyyatı sonrası Xankəndi ətrafında Qərbdə başlayan təbliğatın gücünün və siyasi təzyiqin daha da azalması üçün bir az vaxt lazımdır: "Bu arada, bölgədə rus sülhməramlılarının gələcəyi barədə Rusiya ilə müzakirələrdə müəyyən aydınlıq olmalıdır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya gəlişində əsas mövzunun bu olduğunu demək olar. Ola bilsin ki, prezident Xankəndi çıxışında bu barədə də mesaj versin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az