Xankəndiyə qaz necə veriləcək? - “Azəriqaz”dan çox verilən suallara cavab
Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub.
"Azəriqaz" İstehsalat Birliyindən verilən xəbərə görə, normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər. Qeyd edilib ki, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir: "Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq".
Qeyd edək ki, Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi son günlər aktual məsələlərdən biridir. Hazırda ictimaiyyəti maraqlandıran bir sıra suallar var.
Xankəndi və ətraf ərazilərə qazın verilişi Azərbaycan, yaxud Ermənistan tərəfdən həyata keçiriləcək? qarabağdakı ermənilər hələlik rəsmən Azərbaycan vətəndaşları olmadıqlarından, abonentlik sistemi necə qurulacaq? Limit tətbiq olunacaqmı və ödənişlər necə həyata keçiriləcək?
Göründüyü kimi, suallar çoxdur. Dia.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya buunla bağlı bildirib ki, hələlik bu məsələlər açıq qalıb:
“Biz fors-major vəziyyətin nəticələrini aradan qaldırmaqla məşğul olduq. Bu gün test olacaq. Əgər testin nəticələri müsbət olarsa, mart ayının 29-dan həmin ərazilərə qazın verilişi bərpa olunacaq. İlkin mərhələ olaraq hazırda fors-major vəziyyətin nəticələrini aradan qaldırmaqla məşğuluq. Biz gözləmirdik ki, həmin ərazilərdə nəsə baş verəcək və beynəlxalq ictimaiyyətin diqqəti ermənilərin mənafeyinə uyğun şəkildə yönləndiriləcək. Ona görə də bizim ilk işimiz dərhal mövcud vəziyyətin nəticələrini aradan qaldırmaq oldu. Növbəti mərhələlərdə hansı məsələ necə olacağı hələ açıq qalır. İndiki halda bu məsələlərin heç biri müzakirə predmeti deyil”.