"Xaricdən hər hansı bir hərbi təhdid olarsa, Azərbaycanda Türkiyənin hərbi bazası yaradıla bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Türkiyənin Cənubi Qafqazda hərbi kontingenti daimidir və rotasiya qaydalarına uyğun olaraq dəyişilir"
"Türkiyənin hərbi kontingentinin Azərbaycandan getməsi birdəfəlik deyil. Ümumiyyətlə, Türkiyənin Azərbaycanda hərbi bazası yoxdur. Türkiyə hərbi kontingentinin Azərbaycanda olması, yaxud getməsi ikitərəfli müqavilələr əsasında həll edilir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Qarabağ müharibəsinin bitdiyini vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Ermənistan tərəfinin təxribatları Azərbaycan tərəfindən dəf edilir, geniş miqyaslı müharibə gözlənilmir və xaricdən də hərbi təzyiqlər yoxdur: "Türkiyə Azərbaycan arasında hərbi əlaqələr "Şuşa" Bəyannaməsi və ikitərəfli müqavilələrlə tənzimlənir. Mütəmadi hərbi təlimlər keçirilir. Türkiyənin Cənubi Qafqazda hərbi kontingenti daimidir və rotasiya qaydalarına uyğun olaraq dəyişilir. Bundan əlavə, xaricdən hər hansı bir hərbi təhdid olarsa, Azərbaycanda Türkiyənin hərbi bazası rəsmi olaraq yaradıla bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az