Xarici işlər nazirlərinin Almatı görüşü HANSI NƏTİCƏLƏRLƏ YEKUNLAŞDI?
Elxan Şahinoğlu: "Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün zaman hələ tam yetişməyib"
Asif Nərimanlı: "Ermənistanla yanaşı, başda ABŞ olmaqla Qərb ölkələrinin Alma-Ata bəyannaməsi üzərində xüsusilə dayanması fonunda Bakının geri addım atmaması əhəmiyyətlidir"
Zaur İbrahimli: "Bundan sonra Nikol Paşinyanın başı çox ağrıyacaq"
Bugünlərdə, daha dəqiq desək, 10-11 may tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş baş tutub. Qeyd edək ki, delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayan nazirlər, həmçinin onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Onu da nəzərinizə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh müqaviləsinin noyabra qədər bağlana biləcəyini vurğulayıb. Paşinyanın sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
"Almatı görüşündən saziş mətni çıxmayacağı əvvəldən bəlli idi"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Almatı şəhərində danışıqların nəticəsiylə bağlı iki fərqli rəy var: "Birinci rəy bundan ibarətdir ki, heç bir razılaşma olmayıbsa, deməli görüş nəticəsiz qalıb. İkinci rəyə görə isə danışıqlarda irəliləyiş qeydə alınıb. Əvvəlcədən bəlliydi ki, Almatı görüşündən saziş mətni çıxmayacaq. Zaman hələ tam yetişməyib. Buna baxmayaraq, iki günlük Almatı müzakirələri gələcək razılaşmanın əldə edilməsində növbəti mərhələ sayıla bilər. Almatı görüşünü işıqlandıran qazax jurnalist dostlarımdan biri ilə əlaqə saxladım. Görüşdən sonra yerli mətbuata açıqlama verilmədiyini söylədi. Eyni zamanda, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı oxşar açıqlama yayımlayıblar. Bu açıqlamarda önəmli iki cümlə var: "Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar". Bu cümlələrin yazılması göstərir ki, Bakı və İrəvan danışıqlarda müsbət atmosferin davamında maraqlıdır, tərəflər ziddiyət yaradan məqamlara deyil, ortaq nöqtələrin tapılmasına üstünlük verirlər".
"Növbəti müharibə zamanı ermənilərin itkiləri daha böyük olacaq"
Prezident İlham Əliyevin mayın 10-da Şuşa şəhərində sakinlərlə görüşdə səsləndirdiyi "əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin" açıqlamasına da münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, ölkə başçısının xəbərdarlığının birinci hissəsi İrəvanda mitinq keçirən radikallara, onlara dəstək verən kilsəyə ünvanlanıb: "Açıqlamanın birici hissəsinin mənası budur ki, radikallar baş nazir Nikol Paşinyanı devirib Azərbaycanla mövcud razılaşmalardan itmina etsələr, sərhəddə quraşdırılan dirəkləri söksələr, bu, növbəti müharibəyə səbəb olacaq və ermənilərin bu dəfə itkiləri daha böyük olacaq. Erməni cəmiyyətinin iki seçimi var. Birinci seçim yürüş və mitinqi təşkil edən keşişin ardınca getmək və bununla yeni müharibəyə hazırlaşmaq, ikinci seçim isə əvvəlkitək baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləməklə hazırki danışıqlar prosesinə tərəfdar olmaq. İkinci Qarabağ müharibəsindən ağır dərs alan erməni cəmiyyətinin əksər hissəsinin ikinci seçimə üstünlük verəcəyi ehtimalı yüksəkdir".
Politoloqun sözlərinə görə, İlham Əliyevin mesajının ikinci hissəsi Fransa və ABŞ- a yönəlib. Elxan Şahinoğlunun qənaətincə, ölkə başçısının xəbərdarlığının mahiyyəti bundan ibarətdir ki, Paris və Vaşinqton hazırki danışıqlar prosesinə mane olmamalı, əldə edilən razılaşmalara dəstək verməlidirlər: "Fransa Azərbaycanla münasibətləri o qədər gərgin hala gətirib ki, Bakı ilə İrəvan arasında danışıqlar prosesini və əldə edilən müsbət nəticələri vurğulamağa üzü gəlmir. Vaşinqton isə mövcud prosesi dəstəkləməyə hazırdır. Bu mənada, Vaşinqton Parisdən fərqlənir. İlham Əliyev də ikisi arasında bərabərlik işarəsi qoymur. Dövlət başçısı ən azı ABŞ rəsmiləri və diplomatları ilə dialoqu davam etdirir, Fransa ilə dialoq isə Parisin siyasəti ucbatından sıfıra endirilib".
"Baqrat Qalstanyanın da Qapon kimi xarici kəşfiyyatlardan birinə işləməsi və sonunun rus keşişi kimi bitəcəyi istisna deyil"
Politoloq onu da əlavə edib ki, Azərbaycanla delimitasiyaya qarşı etiraz aksiyası başladan və Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat Qalstanyanın ötən əsrində əvvəllərində Rusiyada yaşayan keşiş Qaponla oxşar cəhətləri az deyil: "Vaxtilə Qapon da Qalstanyan kimi müxalif hərəkata liderlik iddiasında idi. Rus keşiş etirazçıları Rusiya imperatoruna qarşı qiyama qaldırmağa cəhd etdi, nəticədə etirazçılar meydanda güllələndi və bu, tarixə 1905-ci il "qanlı bazar günü" kimi düşdü. İnsanları qırğına verən Qapon özü qaçıb gizləndi, bir il sonra inqilabçı dostları keşişin çar polisinin gizli xəfiyyəsi olması ittihamıyla onu qətlə yetirdilər. Qaponun təxribatı Rusiyada sonrakı təlatümlərin başlanğıcı oldu, qiyamçı bolşeviklərin hakimiyyətə gəlişini sürətləndirdi. İndi Baqrat Qalstanyan da Qaponun yoluyla gedir, etirazçıları hakimiyyətə qarşı mübarizəyə səsləyir. Onun da Qapon kimi xarici kəşfiyyatlardan birinə işləməsi və sonunun rus keşişi kimi bitəcəyi istisna deyil".
"Ermənistanın xarici işlər nazirlərinin görüşü ilə bağlı gözləntiləri özünü doğrultmadı"
Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, xarici işlər nazirlərinin Almatı görüşündə Ermənistanın gözləntiləri özünü doğrultmadı: "Qazaxın 4 kəndinin qaytarılmasından sonra İrəvan Almatıda Alma-Ata bəyannaməsinin yenilənməsi ilə nəticələnəcək razılaşmaya ümid edirdi. Görüşün də məhz 1991-ci ildə bəyannamənin imzalandığı "Dostluq Evi"ndə keçirilməsi simvolik xarakter daşıyırdı. Lakin tərəflər şifahi olaraq, sülh sazişi üzrə danışıqların davam etdirilməsinə razılaşdı. Həm Bakının, həm İrəvanın rəsmi açıqlamasında fikir ayrılıqlarının olduğu vurğulanır. Gözlənildiyi kimi, sərhədin delimitasiyasında və kommunikasiyanın açılmasında hansı prinsiplərin əsas götürülməsi açıq qalır".
Asif Nərimanlı hesab edir ki, dörd kəndin qaytarılmasından sonra Ermənistanla yanaşı, başda ABŞ olmaqla Qərb ölkələrinin Alma-Ata bəyannaməsi üzərində xüsusilə dayanması fonunda Bakının geri addım atmaması əhəmiyyətlidir. Siyasi şərhçinin fikrincə, Almatı görüşünün əsas nəticəsini bu kontekstdə qiymətləndirmək olar.
"Ermənistanda etirazlara rəhbərlik edən keşiş Baqrat Qalastyan 2018-ci ildəki Nikol Paşinyanı xatırladır"
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli isə bu qənaətdədir ki, Ermənistanda etirazlara rəhbərlik edən keşiş Baqrat Qalastyan 2018-ci ildəki Nikol Paşinyanı xatırladır: "Həm danışığı, kütləyə xitabı, tərzi, kütlə ilə davranması eyni ilə 6 il əvvəlki Paşinyandır. Simalarında da oxşarlıq var, 2018-ci ildə Paşinyan dərviş tərzində dolaşırdı, indi isə Baqrat onun yolunu gedir. Yürüşləri də çox bənzərdi. Rusiya nəhayət, 6 il axtarışdan sonra Paşinyana real alternativ tapa bildi. Elə onun özünə bənzər fiqur tapıldı. Bundan əvvəl keçmiş prezidentlər, Gürcüstandakı kimi milyarder, çekist sınaqdan çıxarılmışdı. Uğursuzluğa düçar olmuşdu. İndi isə Paşinyanı yamsılayan keşiş pis varinat deyil. Nikolun başı bundan sonra çox ağrıyacaq".
Vazeh BƏHRAMOĞLU