"Xarizması cızılmaqda davam edən Putin artıq müqəvvaya çevrilir" - ŞAHİN CƏFƏRLİ
"Dünya kənardan çox güclü, Rusiyaya tam hakim kimi görünən bu adamın əslində ipin ucunu qaçırdığının, ölkəyə nəzarəti itirdiyinin fərqinə vardı"
"Rusiya böyük dövlət olaraq ağır reputasiya itkisi yaşadı. Xarizması cızılmaqda davam edən Putin artıq müqəvvaya çevrilir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, Putinin bir sabitlik faktoru və simvolu kimi rusiyalıların gözündə bir dəyəri qalmadı, dünya isə kənardan çox güclü, Rusiyaya tam hakim kimi görünən bu adamın əslində ipin ucunu qaçırdığının, ölkəyə nəzarəti itirdiyinin fərqinə vardı: "Hamıya aydındır ki, "Vaqner" istəsə, Moskvaya daxil olacaqdı və iflic olmuş rejim bir anda çökəcəkdi. Özəl hərbi strukturun döyüşçülərinin yürüşə başlayıb, yerdə ciddi müqavimətlə rastlaşmadan paytaxta yaxınlaşması, bu sırada dövlətin ordusuna məxsus 7 helikopter və təyyarəni vurub, 13 pilot və 2 sərhədçini məhv etməsi, buna görə dövlət tərəfindən hər hansı cəza tədbirlərinə məruz qalmaması, əksinə, hüquqi immunitet alması və liderləri barədə cinayət təqibinin dayandırılması Rusiyanı təxminən Sudan, Nigeriya, Mərkəzi Afrika Respublikası səviyyəsinə düşürür".
Şahin Cəfərli hesab edir ki, Putinin qədər ortağı Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan müəmmalı anlaşma problemi həll etmir və düyünü açmır: "Əksinə, böhranın sürünən xarakter almasını şərtləndirir, qeyri-müəyyənliyi artırır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az