"Xerson əldən gedərsə, bu, Putinə ciddi zərbə olacaq" - ELXAN ŞAHİNOĞLU
"General Sergey Surovikin Rusiya ictimaiyyətini ona hazırlayıb ki, işğalçı qüvvələr Xersondan gerə çəkilə bilərlər"
"Rusiya prezidenti Vladimir Putin Ukraynadakı işğalçı müharibənin gedişatından narazı qaldığı üçün müharibə aparan qüvvələrinə general Sergey Surovikini təyin edib. Məqsəd müharibədə Rusiyanın xeyrinə dönüş yaratmaqdır. Ancaq yeni komandan ilk müsahibəsində işğal altındakı Herson bölgəsində vəziyyətin ağır olduğunu etiraf edib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, bununla Surovikin Rusiya ictimaiyyətini ona hazırlayıb ki, işğalçı qüvvələr Xersondan gerə çəkilə bilərlər: "Halbuki, Putinin Xersonu Rusiyaya birləşdirmək qərarının mürəkkəbi qurumayıb. Xerson əldən gedərsə, bu, Putinə ciddi zərbə olacaq. Surovikin müsahibəsində Rusiyanın itkiləri barədə heç nə deməzkən, Ukraynanın guya hər gün 600 ilə 1000 arasında hərbçi itirdiyini bildirib. Surovikin sonrakı açıqlaması ikrah doğurur. “Biz ukraynalılarla eyni xalqıq” deyən rusiyalı general “qardaş ölkənin” NATO və Qərbdən uzaqlaşaraq Rusiyaya dost olmasını arzuladıqlarını vurğulayıb. Bir tərəfdən deyir ki, gündə 1000-ə yaxın ukraynalı öldürürlər, bunun içərisində mülki insanlar da var, o biri tərəfdən bildirir ki, “eyni xalqıq”. Dəhşət!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az