Xersonda rusların raket zərbəsinə türk gəmisi tuş gəlib
Xersonda zərbə nəticəsində türk gəmisinə ziyan dəyib. Belə ki, Ukrayna KİV-lərinin məlumatına görə, Türkiyənin “Tuzla” yük gəmisi Xerson limanında raketlə vurulub və zərbə nəticəsində yanğın başlayıb. Bu barədə gəmilərin təhlükəsizliyini təmin edən "Ambrey" şirkətinə istinadən "Reuters" xəbər verir.
Eyni zamanda, TASS Türkiyənin "Demirören" agentliyinin məlumatlarına istinadən xəbər verir ki, raket atəşinə tutulduqdan sonra iki gəmi - "Tuzla" və "Ferahnaz" zədələnib.
"Reuters"in gəmiçilik sənayesindəki mənbəsinin məlumatına görə, çərşənbə axşamı axşam atışma nəticəsində heç kim xəsarət almayıb. Agentlik aydınlaşdırır ki, "Tuzla" Rusiya işğalının başladığı 2022-ci ilin fevralından Xerson limanındadır.
"Reuters" mənbələrinin məlumatına görə, 12 türk gəmisi Ukraynanın limanlarında, o cümlədən Xersonda qalıb və bu gəmilər Ukrayna ərzaq məhsullarının ixracına dair sazişin onlara aidiyyatı olmadığı üçün ölkəni tərk edə bilmirlər.
Ülviyyə, Hurriyyet.az